17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Dünyanın tanınmış bank və texnologiya nəhənglərində azərbaycanlı etik hakerin uğur hekayəsi
Sosial 7.06.2023 230

Hazırda etik haker olaraq, dünyanın ən böyük banklarından biri olan HSBC-də çalışan Ramil Mustafayev öz uğur hekayəsindən danışıb.

Medianews.az Ramil Mustafayevlə olan müsahibəni təqdim edir:



– Məhz niyə Ethical hacking (etik hakerlik) sahəsində işləməyi seçdiniz?

– Texnologiya ilə erkən yaşlarımda tanışlığım və hakerliyə olan həvəsim səbəbindən etik hakerlik sahəsini seçdim. Mühəndislikdə özümü görməyim uşaq yaşımda babamdan IBM-in superkompüteri Deep Blue-nun yer aldığı əfsanəvi şahmat matçının hekayəsini ilk dəfə eşitdiyim zamandan başladı.Həmin dövrdə IBM və kompüterlərə marağım daha da artdı və mən IBM-də mühəndis kimi işləməyə can atırdım. Hakerliyə olan heyranlığım isə əmim oğlunun 2000-ci illərin əvvəllərində özünün yaratdığı zərərli tətbiqi mənim ilə paylaşması və bu sinifdən olan texnologiyalar haqqında məlumat verməsi ilə başladı.

– Vilnüs Gediminas Texniki Universitetində ‘’İnformasiya və informasiya texnologiyaları təhlükəsizliyi’’ ixtisası üzrə fərqlənmə ilə magistr dərəcəsi almağınız mühüm bir addımdır. Bu təhsil sizin karyeranıza necə təsir etdi?

-Əlbəttə. Əldə etdiyim müstəsna akademik nailiyyətlər, o cümlədən magistr dərəcəmi fərqlənmə diplomu ilə qazanmaq, bu sahədəki şirkətlərin diqqətini cəlb edirdi. Bu nailiyyətlər karyera yüksəlişim üçün güclü zəmin rolunu oynadı və dəyərli imkanlar üçün qapılar açdı.

Uğur qazanmağımda aldığım dəstək və mentorluğun da böyük rolu olub. Vilnüs Gediminas Texniki Universitetinin professor heyyəti mənim təcrübi bacarıqlarımı daim yüksək qiymətləndirirdilər. Buna görə də, karyera imkanı üçün məni bu sahədə xidmət göstərən şirkətlərdən birinə tövsiyyə etdilər. Bu, mənə informasiya təhlükəsizliyində ixtisaslaşmış şirkət olan Advantio-da texniki müsahibədə iştirak üçün yol açdı. Nəhayət, Avropada kibertəhlükəsizlik sahəsində işə başlaya bildim.

Məni öyrədən Professor heyyətinin potensialımı qiymətləndirmələri və texniki bacarıqlarıma inanmaları məni uğur yolunda daha da irəli aparan amillərdən biri oldu.

– Sizə görə, informasiya təhlükəsizliyi sahəsində çalışmaq üçün ən vacib addımlardan biri hansıdır? Bu sahədə nailiyyət qazanmaq üçün nələrə diqqət etməliyik?

– İnformasiya təhlükəsizliyi sahəsində çalışmaq üçün ən vacib addımlardan biri güclü təhsil və ya ixtisasla bağlı şəxsi inkişafla baza biliklərini əldə etməkdir. Bu, bu sahədə hərtərəfli bilik və bacarıqları təmin edən kompüter elmləri, kibertəhlükəsizlik və ya informasiya texnologiyaları kimi müvafiq dərəcəyə yiyələnmək və ya kibertəhlükəsizlik sahəsində iş bazarında şirkətlər tərəfindən tanınan sertifikatlar əldə etmək kimi
seçimlər mövcuddur. Məsələn, CISSP (Certified Information Systems Security Professional) və ya OSCP (Offensive Security Certified Professional) kimi tanınmış təşkilatlardan sertifikatların əldə edilməsi, mütəxəssisin bu sahədə olan etibarını xeyli artıra və potensial işəgötürənlərə təcrübə kimi nümayiş etdirilə bilər.

Bu sahədə uğur əldə etmək üçün ən son tendensiyalar, texnologiyalar və ən yaxşı təcrübələrlə
yenilənmək vacibdir. Davamlı öyrənmə və peşəkar inkişaf informasiya təhlükəsizliyində mühüm rol oynayır. Bunlara, müntəzəm təlimlərdə, konfranslarda , seminarlarda iştirak etmək və şəbəkələşməni misal göstərmək olar. Şəbəkə təhlükəsizliyi, kriptoqrafiya, tətbiq təhlükəsizliyi, zəifliklərin qiymətləndirilməsi və insidentlərə reaksiya kimi sahələrdə güclü təməlin yaradılması da informasiya təhlükəsizliyi sahəsində uğurlu karyera qurmaq üçün çox vacibdir.

Şəxsi təcrübəmə görə, praktiki təcrübənin inkişafı çox vacibdir. Fərdlərə öz biliklərini real dünya
ssenarilərində tətbiq etməyə imkan verən praktik layihələrdə, təcrübələrdə və ya giriş səviyyəli
vəzifələrdə iştirak onların bacarıqları və karyera perspektivlərini əhəmiyyətli dərəcədə artıra bilər. Bundan əlavə, güclü problem həll etmək və tənqidi düşünmə qabiliyyətini nümayiş etdirmək informasiya təhlükəsizliyi sahəsində uğurun vacib göstəricisidir.

-IBM, EY və HSBC kimi böyük şirkət və banklarda işləmək sizin üçün necə bir təcrübə idi?

– Tanınmış şirkətlərlə işləmək mənim üçün əvəzolunmaz təcrübə oldu. Bu mötəbər təşkilatların bir hissəsi olmaq mənə bir sıra üstünlüklər və dəyərli beynəlxalq təcrübə verdi.

Birincisi, HSBC, IBM və EY kimi köklü və güclü brendlərin parçası olmaq, mənim onların uğurlarına töhfə vermiş biri kimi peşəkar profilimi nümayiş etdirir. Bu, mənə özümü keyfiyyətli mütəxəssis kimi təqdim etməyə və potensial müştərilərin və tərəfdaşların etibarını qazanmağa imkan verir.

İkincisi, bu böyük şirkətlər geniş inkişaf imkanları və qabaqcıl təlim proqramlarında iştirak üçün büdcə təklif edir. Onlar istedadın yetişdirilməsinin vacibliyini başa düşür və müxtəlif karyera yüksəliş yollarını təmin edirlər. Bu imkanlar vasitəsilə mən öz bacarıqlarımı genişləndirə, təcrübəmi təkmilləşdirə və peşəkar inkişafıma töhfə verən yeni çətinliklərlə üzləşə bildim. Onların əməliyyatlarının bir hissəsi olmaq mənə beynəlxalq biznes təcrübələrini, müxtəlif mədəniyyətləri və qlobal müştəriləri daha dərindən başa düşməyi təmin etdi. Bu qlobal təcrübə təkcə mənim peşəkar keyfiyyətlərimi genişləndirməklə yanaşı, həm də multikultural mühitdə işləmək bacarığımı zənginləşdirdi.

Bundan əlavə, bu kimi şirkətlər texnologiyanın ön sıralarındadır. Ön sıralarda olan şirkətlər ilə
əməkdaşlıq etməyim mənə qabaqcıl texnologiyalardan istifadə etməyə və sənayedəki ən son
yeniliklərdən xəbərdar olmağa imkan verdi. Belə təcrübələr, mənə texnologiya ilə bağlı təşəbbüs və layihələrdə fəal iştirak etmək həvəsi yaradır. Qazandığım təcrübələr məni hərtərəfli peşəkar kimi formalaşdırdı, yeni gözlənilməz çətinliklərin öhdəsindən gəlməyə və işlədiyim istənilən təşkilatın fəaliyyətinə müsbət təsir göstərməyə hazırlaşdırdı.

– Qlobal şirkətlərdə işləyərkən hansı məqama diqqət etmək lazımdır?

– Qlobal şirkətlərdə işləyərkən diqqət edilməsi vacib olduğuna inandığım bir neçə əsas nüans var. İlk növbədə, bu şirkətlərin inkişaf etdirdiyi multikultural mühiti tanımaq və qiymətləndirmək çox vacibdir. Belə bir mühitin bir hissəsi olmaq əməkdaşların düşüncələrinin üfüqlərini genişləndirməyə və müxtəlif mədəniyyətlərdən olan həmkarlar ilə səmərəli işləməyə imkan verir. Bundan əlavə, yeni fikirlərə daim açıq olmaq və iş mühitinə uyğunlaşmaq çox vacibdir.

Davamlı özünü inkişaf etdirmək mənim əsas hesab etdiyim xüsusi bir cəhətdir. Bu şirkətlər hərtərəfli təlim proqramları və resursları təklif edərək şəxsi və peşəkar inkişafa böyük diqqət yetirirlər.

Bacarıqlarınızı artırmaq, bilik bazanızı genişləndirmək və sürətlə inkişaf edən sənayedə irəlidə olmaq üçün bu şanslardan yararlanaraq, fəal iştirak etmək lazımdır. Çünki, HSBC, IBM və EY kimi şirkətlər üçün yüksək rəqabət mühitində fərq yaratmaq və rəqib kütlədən fərqlənmək çox vacibdir. Əlavə yol qət edərək, öz bacarıqlarınızı nümayiş etdirib, şirkət daxilində sağlam rəqabət mühitini qoruyaraq,
həmkarlardan və hətta şirkət üçün potensial namizədlərdən fərqlənmək lazımdır.

Xülasə, bu kimi tanınmış şirkətlərdə işləmək təcrübəsi multikultural mühiti mənimsəməyin, yeni fikirlərə və ideyalara açıq olmağın, davamlı özünü inkişaf etdirməyin, fərq yaratmağın və rəqabət mühitində inkişaf etməyin vacibliyini öyrədir.

– Sizin üçün bu sahədə uğura gedən yollar hansılardır?

– Mənim üçün informasiya təhlükəsizliyi sahəsində uğura aparan yollar qətiyyət, əzmkarlıq və
məhdudiyyətlərdən kənara çıxmaq istəyi ilə başlayıb. Universitet illərində Azərbaycanda informasiya təhlükəsizliyi ilə bağlı konkret ixtisasların olmamasına baxmayaraq, məqsədimə aparan yoldan dönmədim. Başlanğıcda ailəmin seçimi ilə ‘’Biznesin idarə edilməsi’’ ixtisasına qəbul oldum, lakin qısazamanda bunun mənim əsl arzum və seçimim olmadığını başa düşdüm. Bu aydınlanma məni xaricdə imkanlar axtarmağa vadar etdi ki, bu da müxtəlif maneələri dəf etməyi tələb edirdi.

Müvəffəqiyyətə aparan mühüm əsas yollardan biri mənim dayanmadan axtarışım idi. Kibertəhlükəsizlik ixtisası istəklərimə uyğun gələn Vilnüs Gediminas Texniki Universitetini kəşf etdiyim zaman onların proqramına, bakalavr ixtisasıma görə qəbulun mümkün olmadığını öyrənəndə ruh düşkünlüyü yaşadım. Bununla belə, məğlubiyyəti qəbul etməkdən imtina etdim. Potensialımı və qətiyyətimi vurğulayaraq kibertəhlükəsizlik proqramının direktoruna motivasiya məktubu yazdım. Ən sonunda, bu cəhdim öz bəhrəsini verdi və yeni mərhələnin qapılarını açan müsbət cavab aldım.

Onu deyə bilərəm ki, yeni mühitə uyğunlaşmaq və uğursuzluqlardan öyrənmək bacarığı mənim
həyatımda mühüm rol oyanyıb. Çoxsaylı rədd cavablarla və uğursuzluqlarla üzləşdim, amma heç vaxt onların məni yolumdan çəkindirməsinə imkan vermədim. Hər bir uğursuzluq mənə dəyərli dərslər verdi və daha da böyümək üçün fürsətlər tanıdı. Bu təcrübələrdən istifadə edərək, bacarıqlarımı təkmilləşdirə və davamlı olaraq inkişaf etdirə bildim.

Fikrimcə, möhkəm və məqsədlərimizə sadiq qalmaqla çətinliklərin öhdəsindən gələ bilərik və əzmkarlıq istədiyimiz sahədə uğur qazanmağımıza kömək ola bilər.

– Karyeranızda ən böyük uğurunuz nədir və bununla bağlı hansı həyat dərsləri çıxardırsınız?

– Gizlilik müqavilələrindən dolayı (Non-disclosure agreements), şirkət daxilində və xarici layihələrdə olan uğurlarımı və xidmət göstərdiyim bir çox şirkətin adlarını açıq şəkildə sadalaya bilməyəcəm amma çalışdığım layihələrdə daim kompleks və həll yolu mümkünsüz görünən məsələlərdən məsul şəxs olmuşam. Buna səbəb rəhbərlərdən aldığım positiv rəylərin nəticəsi idi ki, həmin kompleks işlərin məsuliyyəti həmişə mənə verilirdi. Bura saysız hesabsız yüksək və kritik həssaslıq tələb edən boşluqların tapılması və istismarı daxildir. Hansı ki, həmin tətbiqlər və hədəflər daha əvəllər auditdən keçdikləri halda həmin zəifliklər aşkar edilməmişdir. Əlavə olaraq, hücum simulyasiyası və inkişafı ilə bağlı layihələrdə mentorluğum, SME (Subject-matter expert) vəzifəsində iştirakıma, kiçik mütəxəssislər və təcrübəçilərin hazırlanması da daxildir.

Qazandığım təcrübələr mənə heç vaxt təslim olmamaq və hədəflərim üçün davamlı səy göstərmək kimi əvəzolunmaz dərs verdi. Bu, dözümlülüyün, uyğunlaşma qabiliyyətinin və rahat zonadan çıxmaq istəyinin vacibliyini gücləndirdi. Öyrəndim ki, uğur çox vaxt risk etmək maneələri aşmaq və çətinliklər qarşısında belə müsbət düşüncə tərzini qoruyub saxlamaq lazımdır. Bu yol həm də şəbəkələşmənin və fürsətlərdən istifadənin əhəmiyyətini göstərdi. Vilnüs Texniki Universitetində kibertəhlükəsizlik proqramının direktoru ilə əlaqə saxlamaq və səmimi motivasiyamı yazmaqla mən karyeramda mühüm dönüş nöqtəsini təmin edə bildim. Bu, mənə effektiv ünsiyyətin gücünü, əzmkarlığın dəyərini və tək bir fürsətin insan gələcəyinə potensial təsirini öyrətdi. Bütövlükdə, bu təcrübə məni çətinlikləri qəbul edən və heç vaxt xəyallarından əl çəkməməyin dəyişdirici gücünə inanan qətiyyətli, davamlı bir peşəkar kimi formalaşdırdı.

– Asudə vaxtlarınzda nələr edirsiniz?

Asudə vaxtlarımda, düşüncə və analiz qabiliyyətimi təkmilləşdirmək üçün qısa elmi fantastik hekayələr yazır və dinləyicilər üçün Spotify kimi platformalarda səsli hekayələr paylaşıram. Məsələn, “The Dice: Afterlife” adlı fantastik hekayəmdə, süni intellektin cəmiyyət üzərindəki təsirini göstərən distopik bir dünya inşa etmişəm. Qısacası, hekayə insan davranışını anlamaq və asayişi qorumaq üçün hazırlanmış inqilabi texnologiya haqqındadır.

Yazmadığım zamanlarda, məni audiokitablar, podkastlar və elmi-fantastik filmləri araşdırarkən və bloq postları yazarkən tapmaq olar . Yaratmaq və inkişaf etmək üçün daim yeni ilham və ideyalar axtarışındayam.

Mənim fəaliyyətim və maraqlarım haqqında məlumat əldə etməyə vaxt ayırdığınız üçün Sizə və oxuculara təşəkkürümü bildirirəm. Ümid edirəm ki, mənim etik hakerlik və elmi fantastika hekayələri yazmağa olan həvəsimi dinləməkdən və oxumaqdan zövq aldınız. İnanıram ki, bu sizin üçün xoş və ruhlandırıcı təcrübə oldu.






Starxeber Bizi instagramda izləyin