17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
“Mədəniyyət” qəzetinin “Nizami Gəncəvi İli”nə həsr olunmuş xüsusi buraxılışı çapdan çıxıb
Mədəniyyət 13.12.2021 407


Nizaminin 880 yaşı və Zəfərimizin ilk ildönümü. İllərin bir-birini belə tapması təsadüf də olsa, yaşadığımız şanlı tarixin naxışı məhz belə olmalı idi. Çünki hər Zəfərdən sonra bir İntibah var. Qarabağ qalibiyyətli 2020-ci il də Nizami dühalı mədəniyyət ili ilə davam etməli idi.

Bu sözlər “Mədəniyyət” qəzetinin “Nizami Gəncəvi İli”nə həsr olunmuş xüsusi buraxılışında qeyd olunub.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gələn 48 səhifəlik xüsusi buraxılış, dahi şairin yubileyinə töhfə olaraq, respublikamızda, eləcə də xarici ölkələrdə “Nizami Gəncəvi İli”nin mədəni mənzərəsini yığcam, məcmu halda diqqətə çatdırır.

Nəşr 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə açılır. Qeyd edilir ki, ədəbi-mədəni irs xalqı yaşadan dəyərdir. Dövlət başçısının mədəni irsə diqqət və qayğısı Azərbaycan ədəbiyyatının korifey simalarına münasibətdə də özünü ifadə edir. 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” kimi qeyd olunması və 2021-ci ilin “Nizami ili” elan edilməsi, mütəfəkkir şairlərimizin zəngin irsinin yaşadılması və təbliğinə əlavə zəmin yaratmaqla yanaşı, Azərbaycan xalqının çoxəsrlik tarixə malik mədəniyyətinin təntənəsidir.

Oxuculara ünvanlanan redaktor yazısında vurğulanır ki, Qarabağa Böyük Qayıdış təkcə insanlarımızın doğma yurdlarına dönüşü deyil, eyni zamanda bu torpaqlarda geniş anlamda mədəniyyətin yenidən bərqərar olması deməkdir. Mədəniyyət yalnız bu sahədə fəaliyyət, yaradılan əsərlər deyil. Mədəniyyət mədəni təfəkkür, insaniyyət, bəşəri dəyərlər və bu dəyərlərə sadiqlikdir. Azərbaycan xalqı bu dəyərləri hələ XII əsrdə Nizaminin misraları ilə dünyaya bəyan edib. Nizami irsinin çağdaş dünyaya layiqincə tanıdılması da ümumilikdə Azərbaycanın mədəniyyətinin beynəlxalq miqyasda təqdimatının mühüm tərkib hissəsidir. Bu işdə hələ ötən əsrin 70-80-ci illərində mədəniyyətimizin böyük hamisi Heydər Əliyev müstəsna xidmətlər göstərib. Onun təşəbbüsü ilə 1979-cu ildə Nizami Gəncəvinin irsinin öyrənilməsi, nəşri və təbliği ilə bağlı tarixi əhəmiyyətli qərarın qəbul edilməsi nizamişünaslığın inkişafına təkan verdi. 1981-ci ildə Nizaminin 840 illiyinin – dövrün konyunkturası ilə yuvarlaq sayılmayan yubileyin SSRİ miqyasında qeyd olunması Heydər Əliyevin vətənpərvərliyinin göstəricisi idi.

Ulu öndər artıq müstəqil Azərbaycanın rəhbəri olarkən həmin dövrü xatırlayaraq demişdi: “Nizami Gəncəvi elə bir şəxsiyyətdir, tarixdə, dünya mədəniyyətində elə bir iz qoyub getmişdir ki, onun yubileyi hər il keçirilə bilər... Bu, Azərbaycanı, onun tarixini bir daha dünyaya tanıtmaq üçün imkandır”.

Həqiqətən də, Nizami Azərbaycanı dünyada tanıdan ən böyük mədəni dəyərdir. Bu, dünən də belə idi, sabah da belə olacaq. Nizaminin dühası adı ilə şərəflənən 2021-ci il də bunun təsdiqidir.

Dahi şairin 880 illiyi çərçivəsində Mədəniyyət Nazirliyinin bilavasitə təşkilatçılığı, eləcə də yaxından iştirakı və dəstəyi ilə ölkəmizdə və onun hüdudlarından gerçəkləşən silsilə tədbirlər, təqdimat və layihələr xüsusi buraxılışda geniş şəkildə əhatə olunub.

Bu silsilədən ilk böyük tədbir 2021-ci ilin martında qardaş Türkiyədə TÜRKSOY-un dəstəyi ilə keçirilib. Nəşrdə TÜRKSOY-un Ankaradakı qərargahında, eləcə də İstanbulda Azərbaycan Mədəniyyət Nazirliyi və Milli Kitabxana ilə birlikdə təşkil etdiyi Nizami ünvanlı rəsm və kitablardan ibarət sərgilər diqqətə çatdırılır. Həmçinin noyabr ayında təşkilat tərəfindən Türkiyənin müxtəlif şəhərlərində keçirilən konsert proqramları, eləcə də TÜRKSOY-un ingilis dilində nəşr etdiyi “Nizamini oxuyaq” (“Reading Nizami Ganjavi”) kitabı haqqında məlumat verilir.

“Dünyada “Nizami Gəncəvi İli” başlığı altında materialda Özbəkistan, Rusiya, Polşa, Misir, Ukrayna, Gürcüstan, Çin, İtaliya və digər ölkələrdə, UNESCO-da Mədəniyyət Nazirliyinin, digər qurumların dəstəyi, xaricdəki səfirliklərimizin, mədəniyyət mərkəzlərimizin təşkilatçılığı, yerli qurumların iştirakı ilə keçirilən çeşidli tədbirlərdən bəhs edilir.

1941-ci il oktyabrın 19-da, İkinci Dünya müharibəsinin qızğın çağında blokadaya alınmış Leninqrad (indiki Sankt-Peterburq) şəhərində, Dövlət Ermitajında Nizaminin 800 illik yubileyinə həsr olunmuş toplantı keçirilmişdi. 80 il sonra eyni gündə və məkanda Nizaminin 880 illiyi qeyd olundu. “Ermitajda tarixi yubileyin ildönümü” adlı yazıda bu barədə söhbət açılır.

Əlamətdar ilin yaddaqalan layihələrindən biri 15-26 noyabr tarixində Mədəniyyət Nazirliyi və digər qurumların təşkilatçılığı ilə Bakıda və böyük şairin yurdu Gəncədə reallaşan Nizami Gəncəvi Beynəlxalq Festivalı idi. Xüsusi buraxılışda festivalın rəngarəng tədbirləri, həmçinin festivalın və ümumilikdə “Nizami ili”nin ən böyük tədbiri – 15 ölkədən nümayəndələrin qatıldığı Nizami Gəncəvi Beynəlxalq Forumunun əhəmiyyəti bir daha diqqətə çatdırılır.

2009-cu ildə əsası qoyulan və ənənəvi olaraq (iki ildən bir) Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan Bakı Beynəlxalq Kitab Sərgisi bu dəfə böyük söz ustadının 880 illiyinə həsr edilmişdi. “Kitabla görüş yeri” başlıqlı material 6–10 oktyabr tarixində Nizami irsinin işığında keçən sərginin çoxsaylı tədbirlərini yada salır.

Ölkəmizin kitabxanalarında Nizaminin zəngin irsinə həsr olunmuş yüzlərlə adda kitab toplanıb. Xüsusi buraxılışda “Nizami ili”nin nəşr layihələri, Dövlət Tərcümə Mərkəzinin, Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin, AMEA-nın institutları və digər qurumların çap etdirdiyi kitablar, şairin əsərlərinin müxtəlif ölkələrdən elektron nüsxələri gətirilmiş əlyazmalarının və miniatürlərin Milli Kitabxanada sərgiləri, Milli Kitabxananın özünün ərsəyə gətirdiyi nəşrlər haqqında da məlumat verilir.

Xüsusi buraxılışın geniş bir bölümü “Nizami Gəncəvi İli” münasibətilə Başı Şəhər Mədəniyyət Baş ölkələrdən elektron nüsxələri gətirilmiş əlyazmalarının və miniatürlərin Milli Kitabxanada sərgiləri, Milli Kitabxananın özünün ərsəyə gətirdiyi nəşrlər haqqında da məlumat verilir.

Xüsusi buraxılışın geniş bir bölümü “Nizami Gəncəvi İli” münasibətilə Başı Şəhər Mədəniyyət Baş İdarəsinin, eləcə də sairin yaşayıb-yaratdığı Gəncədən başlayaraq Mədəniyyət Nazirliyinin 15 regional mədəniyyət idarəsinin tabe müəssisələrində, həmçinin Naxçıvanda gerçəkləşən tədbir və layihələrə həsr olunub. “Bölgələrimiz “Nizami ili”nin işığında” rubrikası altında materiallar bu ilin, sözün geniş anlamında, Azərbaycan mədəniyyətinin bayramı olduğunu nümayiş etdirir.

İl ərzində yaradıcılıq təşkilatlarının Nizami Gəncəvi mövzusunda reallaşdırdığı layihələr də nəşrdə əhatə olunub. Bəstəkarlar İttifaqının təşkil etdiyi qəzəl-romans müsabiqəsi, “Nizami və musiqi” mövzusunda elmi konfrans və konsertlər, Teatr Xadimləri İttifaqının "Sənsiz" adlı bədii qiraət müsabiqəsi bu qəbildəndir.

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq xalça eskizi müsabiqəsi, nazirliyin “Muzey eksponatının hekayəsini sən danış. Nizami Gəncəvi” müsabiqəsi, muzeylərin konfrans, sərgi, kitab nəşri kimi “Nizami ili”nə töhfə olan bir çox layihələri də xüsusi buraxılışın səhifələrində yer alıb.

Nizaminin həyatı, şair və mütəfəkkir obrazı, Nizami sözü və irsi incəsənətdə dərin iz qoyaraq təsviri sənətdən teatr, kino və musiqiyədək müxtəlif sahələrdə əksini tapıb, yaradıcı insanlara ilham verib. “Nizami Gəncəvi poeziyası miniatürlərdə”, “Müasir təsviri sənətdə Nizami mövzusu”, “Səhnədən keçən irs”, “Azərbaycan bəstəkarlarının yaradıcılığında Nizami mövzuları”, “Nizami və kino” başlıqlı materiallarda bu barədə ətraflı bəhs olunur.

Sözünün qüdrəti ilə poeziya zirvələrini fəth edən Nizami dünya ədəbi fikrinə adını “Xəmsə” (beşlik) ilə əbədi həkk etdirib. “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İskəndərnamə” poema-məsnəviləri bəşəriyyəti düşündürən, insanları ədalətə, sülhə, xeyirxahlığa səsləyən ideyalar məcmusudur. “Əbədiyaşar beş söz – hikmət gövhəri” adlı yazıda poemaların hər birinin yazılma tarixi, mövzusu, obrazları və s. haqqında yığcam məlumatlar diqqətə çatdırılır. Bundan əlavə, nəşrin hər səhifəsində Nizami sözündən incilər – “Xəmsə”dən beytlər verilib. “Nizami Gəncəvi: özü və irsi illərdə” başlıqlı yazıda isə şairin doğumundan 880 illik yubileyinədək tarixin salnaməsində qalmış əlamətdar hadisələr qeyd olunub.

Bu gün Azərbaycanda Nizami adına onlarla mədəniyyət, elm-təhsil ocağı, küçə və parklar, eləcə də dünyanın bir sıra ölkələrində mütəfəkkir şairin abidələri, adını yaşadan təhsil müəssisəsi və mərkəzlər var. “Nizami adına...” və “Dünyanı bəzəyən Nizami abidələri” başlıqlı materiallarda bu barədə söz açılır.

XIII əsrin əvvəllərində Gəncədə, Nizaminin qəbri üzərində ilk məqbərə inşa olunan vaxtdan bura elm və irfan əhlinin ziyarətgahına çevrilib, təkcə yerli əhali üçün deyil, müxtəlif ölkələrdən nizamisevərlər üçün müqəddəs məkan hesab edilib. “Böyük dühanın əbədi məkanı” adlı yazı Nizami məqbərəsinin tarixi haqqındadır.

Nəfis bədii dizaynda hazırlanmış “Nizami Gəncəvi 880” xüsusi buraxılışının səhifələri şairin əsərlərinə çəkilmiş məşhur miniatürlərdən siluetlərlə süslənib. Nəşrin üz qabığında şairin Bakıdakı möhtəşəm abidəsinin (heykəltəraş Fuad Əbdürrəhmanov) doğan günəşin al şəfəqləri fonunda təsviri, arxa hissəsində isə qüdrətli söz ustadının 880 illiyi münasibətilə 14-16 oktyabr tarixində keçirilən “İşıq festivalı”nın – Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fasadında əks olunan “Xəmsə” miniatürlərinin 3D proyeksiya təsvirləri verilib. Bununla da nəşrin ümumi tərtibat ideyası Nizami dühasının bəşəri düşüncəni hər zaman aydınladan tükənməz ziya olduğunu simvolizə edir.

Bu il 30 yaşını qeyd edən “Mədəniyyət” qəzeti, dövri nəşri ilə yanaşı, ölkəmizin ictimai-mədəni həyatında müstəsna əhəmiyyət kəsb edən hadisələrlə bağlı xüsusi buraxılışları, tematik əlavələri ilə də oxucuların görüşünə gəlir. “Azərbaycan Xalq Cümhuriyyəti İli” (2018) və “İmadəddin Nəsimi İli”nə (2019) həsr olunan xüsusi buraxılışlar da bu qəbildəndir. “Nizami Gəncəvi İli”nə töhfə olan buraxılışın da oxucular tərəfindən maraqla qarşılanacağına ümid edirik.

Qeyd edək ki, xüsusi buraxılışın respublikanın mədəniyyət müəssisələri, bir sıra dövlət qurumları, aparıcı elm və təhsil müəssisələri, kütləvi informasiya vasitələri, kitabxanaları üzrə paylanılması nəzərdə tutulur. Nəşr elektron (pdf) formatda “Mədəniyyət” qəzetinin saytında da yerləşdirilərək istifadə üçün açıq olacaq.






Starxeber Bizi instagramda izləyin