Sosial
31.07.2023
189
Qəhrəman xalqın daş yaddaşı- Ankara qalası
Müxtəlif mədəniyyətlərin kəsişdiyi ən qədim tikililərdən biri olan Ankara qalasındayıq. Buradan bütün Ankara xalı kimi ayaqlarının altına sərilir. Gözəl bir mənzərəyə şahidlik edirik. Paytaxtın mühüm simvollarından biri olan Ankara qalası ziyarətçilərinə bənzərsiz bir şəhər mənzərəsi təqdim edir. Həm müdafiə, həm də məskunlaşma məqsədilə istifadə edilən divarlarla əhatə olunmuş ərazidə tarixə səyahət etməklə yanaşı, köhnəlməyən məhəllə mədəniyyətini də yaşadır.
Şəhərə gələn turistlərin də ən çox axın etdiyi yer buradır. Qalanın ən hündür hissəsinə qalxdıqda böyük bir şəhəri izləmiş olursunuz.
Tarix qoxan qala…
Tarix qoxan Ankara qalasının da öz hekayəsi var. Ankara qalası şəhərə meydan oxuyan böyük təpənin üzərində qərar tutub. Haradan baxsanız siz bu qalanı mütləq görərsiniz. Bu qala şəhərin əzəmət rəmzidir. Üzərində bayrağı dalğalanan məğrur dayanan böyük bir qaladır. Bu qala Roma dövrünə aid III əsrdən qalma hamamlar, IV əsrə aid Yuli sütunu və II əsrdə inşa edilmiş imperator Avqust məbədi Ulus meydanının yaxınlığında, qalanın ətrafında yerləşir. Qala yaxınlığında Roma teatrı və həmin ərazidə XV əsrə aid Hacı Bayram məscidi və türbəsi var. Qaladan bir qədər aşağıda isə Anadolu Mədəniyyətləri Muzeyi və Etnoqrafiya Muzeyi yerləşir. Qala ətrafında yerləşən qədim tikililər də qalaya əlavə gözəllik, zənginlik bəxş edir.
Qalaya gedən yol tarixi Saman bazarından keçir. Bazar isə özünəməxsus, qədim memarlıq üslubuna malik dükanlardan ibarətdir. Qədim əşya, əl işləri almaq istəyənlər bu bazara üz tutur. Burada alıcıların çoxu xarici turistlərdir.
Türkiyə paytaxtının əhəmiyyətli tarixi məkanlarından olan, ancaq illər içərisində bu özəlliyini qismən itirən qala Ankara Böyükşəhər Bələdiyyəsinin təşəbbüsü ilə yenidən mühüm turizm obyektlərindən birinə çevrilib.
Eramızdan əvvəl 33-476-cı illər arasında inşa edildiyi təxmin edilən qala, demək olar ki, hər dövrdə bəzi dəyişikliklərə məruz qalmasına baxmayaraq təpənin yüksək hissəsini əhatə edən daxili qala və ətrafını əhatə edən xarici qaladan ibarətdir.
İllər keçsə də…
Yerləşdiyi yerə görə Ankaranı hər tərəfdən görə bilən strateji bir təpədə yerləşən qala tarix boyu bölgədə hökmranlıq edən dövlətlər tərəfindən şəhərin müdafiəsi üçün düşərgə, sursat anbarı və müşahidə mərkəzi kimi də istifadə edilib.
Dövrün ticarət və vergi qanunları üçün mühüm nümunə sayılan kitabə ilə yanaşı Hisar qapısının solunda 1885-ci ildə fransızlar tərəfindən tikilmiş saat qülləsi də var.
Kiçik meydanları olan qalada hər meydandan fərqli bazar yeri kimi istifadə olunub. Atpazarı, Samanpazarı və Koyunpazarı meydanları hər dövrdə ticarət və toplanma mərkəzi kimi istifadə edilən bölgə olma xüsusiyyətini qazanmış və bu gün də bu xüsusiyyətini qoruyub saxlayır.
Üzərindən illər keçsə də qala bu gün də məğrur şəkildə dayanıb. Ankara qalası öz əzəməti ilə əsrlərə, illərə mərdanə şəkildə meydan oxuyur. Ankaranı daha da əzəmətli göstərən, şəhərə meydan oxuyan qalanın üzərində dalğalanan ay ulduzlu bayraq sanki dünyada ən uca bayraq olduğunu bir daha bəyan etmiş olur.


Xəyalə Rəis