Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev: “Hər zaman əmin idik ki, Şuşa, Laçın, Qubadlı, Ağdam, Füzuli və Cəbrayıl filiallarımız Qarabağa qayıdacaq”
2020-ci ilin sentyabr ayının 27-dən sonrakı 44 gün hər bir azərbaycanlının həyatında mühüm, 30 ildir gözlədiyi, heç zaman unudulmayacaq bir günlərə çevrildi. 8 noyabr tarixində isə qədim Şuşa şəhərimiz düşmən tapdağından azad olundu və həmin gün şanlı tariximizin səhifələrinə qızıl hərflərlə Zəfər Günü kimi yazıldı. Müharibə bitsə də, yaxın gələcəkdə bizi çox böyük işlər gözləyir. Düşmən tərəfindən darmadağın edilmiş rayonlarımızı yenidən qurub, dirçəltməliyik. Təbii ki, infrastruktur layihələri sırasında banklar da mühüm yer tutur. Buna görə də ölkənin birinci bankı olan Kapital Bank-ın İdarə Heyətinin sədri, cənab Rövşən Allahverdiyevlə onların görəcəyi işlər barədə danışdıq.
27 sentyabr 2020-ci il tarixindən başlayaraq Silahlı Qüvvələrimiz erməni işğalçıları tərəfindən zəbt edilmiş torpaqlarımızda uğurlu əks-hücum əməliyyatları həyata keçirərək, demək olar ki, hər gün bizi qələbə müjdələri ilə sevindirirdilər. 44 gün davam edən Vətən müharibəsi ərzində müzəffər ordumuz Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini, eləcə də bir sıra digər yaşayış məntəqələrimizi hərbi cəsarət hesabına düşmən tapdağından azad etdi.
Ordumuzun göstərdiyi şücaət sayəsində mənfur düşmən geri çəkilərək, sülh kapitulyasiyası aktını imzaladı və 30 ilə yaxındır ki, həsrətində olduğumuz torpaqlarımız azad olundu. Məhz bu qələbəni qazanmaq üçün hamı bir nəfər kimi Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdi və lazım olan nəticəni əldə etdik. İlk növbədə bütün oxucuları, xalqımızı bu qələbə münasibətilə ürəkdən təbrik edirəm. Hamınızın gözü aydın olsun! İndi biz bütöv, işğaldan azad olunmuş, müstəqil bir ölkənin vətəndaşlarıyıq. Bu, olduqca qürurverici və gözəl hissdir.
O ki qaldı sualınızın ikinci hissəsinə, həqiqətən də Kapital Bank ölkə üzrə ən geniş filial şəbəkəsinə malik bankdır. Biz 121 filial və şöbələrimizdə müştərilərimizə keyfiyyətli xidmət göstəririk. Bizim elə filiallarımız var ki, işğal altında olan rayonlarımızın adını daşıyır. Lakin əfsuslar olsun ki, bu filiallar həmin rayonlarda deyil, məcburi köçkünlərin yerləşdiyi qəsəbələrdə, şəhərlərdə fəaliyyət göstərirdi. Misal olaraq bizim Qubadlı filialı 2000-ci ildən Sumqayıtda, Şuşa filialımız da həmin ildən Bakının 8-ci mikrorayonunda fəaliyyət göstərir. Biz mütləq həmin filialları adlarını daşıdıqları rayonlara, şəhərlərə köçürəcəyik və başqa yeni filiallar da açacağıq.
Ermənistanın təcavüzkar siyasəti nəticəsində torpaqlarından didərgin salınmış vətəndaşlarımız öz doğma yurdlarına geri döndükdən sonra bank ehtiyaclarını qarşılamaq üçün Kapital Bank-ın filiallarında bankın məhsul və xidmətlərindən yararlana biləcəklər. Yeni açılacaq filiallarda müştərilərə yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şərait və imkanlar yaradılacaq.
Sonda bütün Azərbaycan xalqını, milyonlarla müştərilərimizi uğurla yekunlaşdırdığımız 2020-ci ilin bitməsi və bizə böyük vədlər verən 2021-ci ilin gəlişi münasibətilə təbrik edirəm, bütün işlərdə uğurlar arzulayıram.