13:43 “Lohusa” Türk komediyası“CinemaPlus”da  |     17:14 “AQAT-Silver” artıq Gəncədə  |     10:00 CinemaPlus-da “Efsane” filmininin qala gecəsi keçirildi  |     14:17 Rəşad Bayramov: “Azərbaycan gəncliyi yeni zəfərlərə səs verəcək”  |     15:40 Ölkəmizə idxal olunan avtomobillərin əksəriyyəti köhnə olan və tələblərə cavab verməyən avtomobillərdir  |     15:34 Nazirlik rəsmisi: “Nəqliyyat vasitələrinin utilizasiyası prosesinin tətbiqi məqsədilə qanunvericilikdə bir sıra dəyişikliklər edilib”  |     09:04 “Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir  |     15:04 “Nar” kubokunun sahibi “Breyn Rinq”in çempionu oldu  |     15:00 Azərbaycanda gömrük məsələləri üzrə ilk konsaltinq şirkəti fəaliyyətə başlayıb  |     13:53 CinemaPlus-da “3391 Kilometr” filminin Qala gecəsi keçirilib  |     11:58 Nəzərbəy Hacıağayev: "İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dönəmdən Azərbaycan və Türkiyə əlaqələri öznün ən yüksək inkişaf mərhələsini yaşamaqdadır"  |     22:11 “Nar” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikata layiq görüldü  |     15:59 Zirəddin Rzayev: Burada yaşayırlar, orada ev tikirlər, ölürlər, ev boş qalır  |     18:28 Asif Sayadov: Vinq çun idmanı ilə məşğul olmaq üçün heç bir yaş məhdudiyyəti yoxdur  |     16:18 Mədəniyyət naziri Adil Kərimliyə AÇIQ MƏKTUB….  |     18:30 Bakıda Mərakeşin memarlıq irsindən bəhs edən fotosərgi açılıb  |     13:10 Mərakeşin memarlıq irsi  |     17:06 Ombudsman Aparatının yeni rəsmi internet səhifəsinin təqdimat mərasimi keçirilib  |     12:12 Azərbaycan səhiyyəsinin əfsanəvi və fədakar şəxsiyyəti - Fəxrəddin Cavadov  |     17:07 Bakı 20 saylı Mediasiya Təşkilatının ictimai təqdimat mərasimi baş tutub  |    
Asif Sayadov: Vinq çun idmanı ilə məşğul olmaq üçün heç bir yaş məhdudiyyəti yoxdur
Sosial 23.01.2024 174


Azərbaycan Vinq Çun Federasiyasının və Çin Döyüş Növləri Assosiasiyasının prezidenti, Əməkdar məşqçi Asif Sayadov Azərtac-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Asif müəllim, xoş gördük. Öncə vinq çun döyüş sənətinin yaranması və özəlliyi haqda məlumat verməyinizi xahiş edirəm.

- Vinq çun döyüş sənətinin 1700-cü illərdə Çinin cənubunda yarandığı haqda müxtəlif fikirlər, versiyalar var. Bunlardan biri də onun Foan əyalətində yaranması ilə bağlıdır. Bu döyüş sənəti müxtəlif əsrlərdə inkişaf etdirilərək günümüzə ən unikal formada məhz 1890-1960-cı illərdə yaşamış böyük usta İp Man tərəfindən gətirilib. Vinq çun bir sıra xüsusiyyətləri ilə seçilir. Qeyd etmək istəyirəm ki, bu, prinsiplərə əsaslanan döyüş sənətidir. Burada qaydalar, nizam var və həmin nizam çərçivəsində özünümüdafiə üsullarından istifadə olunur. Eyni zamanda, vinq çun elə bir döyüş sənətidir ki, o, gücdən çox sürətə və zəkaya əsaslanır.

- İdmanın bu növünü Azərbaycana siz gətirmisiniz. Bu haqda məlumat verərdiniz. Belə bir ideya nə zaman yarandı? Çox maraqlıdır, bu gün bir usta kimi tanınan Asif Sayadovun öz ustası kim olub?

- Vinq çunun Azərbaycanda yaranma tarixi 2007-2008-ci illərə təsadüf edir. Bəli, bu döyüş sənətini Azərbaycana ilk dəfə mən gətirdim. Onu da deyim ki, mən əvvəllər Çin döyüş növü olan kunq-fu ilə məşğul olmuşam. Vinq çuna qədər bir sıra uğurlarım, nailiyyətlərim olub. O zaman artıq kunq-fu üzrə dünya çempionu idim, usta dərəcəsi almışdım. Sonralar bu döyüş sənətini təkmilləşdirmək üçün Çin, Portuqaliya, Türkiyə və Almaniyaya getdim, yarışlara qatıldım. Mənim ustam isə Beynəlxalq Vinq Çun Assosiasiyasının prezidenti qrandmaster Samuel Kvok olub. Onunla tanışlığımdan sonra dərslərə başladıq. Bu gün ustamın 76 yaşı var və hər həftə bir ölkədə seminarlarda olur. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, ustamızı iki dəfə Azərbaycana dəvət etmişik, burada beynəlxalq seminarlara qatılıb. Ümumilikdə, bu döyüş sənəti Azərbaycanda 15-16 ildir ki, var. Vinq Çunun Federasiyası isə artıq altı ildir fəaliyyət göstərir. Belə ki, on il klub kimi fəaliyyət göstərdik. 2018-ci ildən isə federasiya kimi rəsmi qeydiyyata alındıq.

- Asif müəllim, vinq çun döyüş növünə uşaqları hansı yaşlarda qəbul edirsiniz? Ümumiyyətlə, idmanın bu növündə yaş məhdudiyyəti varmı?

- Biz təlimlərə daha çox altı yaşdan yuxarı uşaqları götürürük, amma istisna hallar da olur. Məsələn, elə uşaq var ki, 5 yaşı var, lakin 6-7 yaşlı uşaqlardan daha qıvraq, cəld və potensiallıdır. Bizdə belə istedadlıları seçirik. Bizim hətta bu gün 60 yaşlı üzvümüz də var. Bilirsiniz ki, vinq çunun fəlsəfəsi və özəlliyi məhz budur. Burada heç bir yaş məhdudiyyəti yoxdur. Çünki bu döyüş sənəti həm də sağlam həyat tərzini özündə ehtiva edir.

- İstərdik, bir qədər də Azərbaycan Vinq Çun Federasiyasının uğurları barədə məlumat verəsiniz. Ötən il hansı nailiyyətlərlə yadda qaldı?

- 2018-ci ildən bu günədək bir sıra uğurlarımız olub. Məsələn, biz iki dəfə dünya çempionatında iştirak etmişik. Çində, Foşanda, Honkonqda, Rusiyada keçirilən dünya çempionatlarına, eyni zamanda, bir sıra festivallara və beynəlxalq turnirlərə qatılmışıq. Onlarla dünya çempionumuz var.

- Bu döyüş sənətinin həm də bir həyat tərzi olduğunu qeyd etdiniz. Maraqlıdır, vinq çunu idmanın digər növlərindən fərqləndirən əsas xüsusiyyətlər hansılardır?

- Vinq çunun onlarla özəlliyi var. Onlardan biri də insanlara bəxş etdiyi özünəinam hissidir. Bu, tətbiq edilməsi olduqca rahat döyüş sənətidir. Vinq çunla məşğul olan insan psixoloji və fiziki amilləri özünə aşılayır və insana özünəgüvən bəxş edir. Biz idmançılarımıza, federasiyanın üzvlərinə hər dəfə bu idman növünün prinsiplərindən, onun fəlsəfəsindən, insanlara ötürdüyü müsbət effektlərdən danışırıq. Onlar təlim məşqlərində fiziki hazırlığı, özünümüdafiə texnikalarını mükəmməl öyrənirlər. Bununla onlara həm də özünəgüvən hissini aşılamış oluruq.

Vinq çunun təlim proqramlarına gəldikdə, biz bunu üç hissəyə bölmüşük: sırf yarışlar üçün, özünümüdafiə və sağlam həyat məqsədli proqramlar. Məsələn, biz uşaq və yeniyetmələri daha çox yarış proqramları əsasında hazırlaşdırırıq. Burada biz özünümüdafiə fəndlərini tədris edirik. İkinci proqramda isə əsasən, güc strukturlarında çalışan əməkdaşlara özünümüdafiənin tərk-silah formalarını öyrədirik. Sonuncu tədris isə sağlam həyat tərzi ilə bağlıdır. Bu proqramı 40-60 yaşlı insanlara tətbiq edirik. Onlar buraya özünəinamla yanaşı, stres atmaq, psixoloji yorğunluqdan azad olmaq istəyi ilə gəlirlər. Biz də üçüncü proqram çərçivəsində onlarla məşğul oluruq. Hazırda bizim 20-dən çox klubumuz mövcuddur. Hər klubda yüzlərlə idmançı var.

- Ötən il siz həm də Çin Döyüş Növləri Assosiasiyasının sədri təyin olundunuz. Bu haqda da ətraflı məlumat verərdiniz.

- Ümumiyyətlə 2021-2023-cü illərdə Gənclər və İdman Nazirliyi idman sahəsində geniş miqyaslı islahatlar həyata keçirdi, fəaliyyət göstərməyən federasiyalar bağlandı, bəziləri isə birləşdirildi. Bununla yanaşı, yeni qurumlar, assosiasiyalar yaradıldı. Onlardan biri də Çin Döyüş Növləri Assosiasiyası oldu. Üç idman federasiyası - Uşu, Kunq-fu və Vinq Çun federasiyaları buraya daxil edildi. Gənclər və İdman Nazirliyinin təşəbbüsü, eyni zamanda, sözügedən idman federasiyalarının idarə heyətinin qərarı ilə mən həmin assosiasiyanın prezidenti təyin olundum. Çalışırıq ki, idmanın bu növünün bir-biri ilə sıx əlaqələrini quraq, birgə layihələr, tədbirlər, çempionatlar təşkil edək. Bilirsiniz ki, Çin döyüş növlərinin onlarla qolu var. Ola bilsin, gələcəkdə bu ölkəyə məxsus başqa idman növləri də Azərbaycanda fəaliyyətə başlasın. Bu zaman həmin idman növü də bizim assosiasiyamıza üzv olacaq. Məqsəd isə birdir – idmanın bu növlərini ölkəmizdə inkişaf etdirmək.

- Bir sıra ali və orta məktəblərdə seminarlar təşkil edirsiniz. Məqsəd nədir?

- Bəli, il ərzində tez-tez belə seminarlarımız olur. Onların keçirilməsində məqsəd gənclərə idmanın bu növünün müsbət tərəflərini aşılamaqdır. Dediyim kimi, vinq çun təkcə idman növü deyil, həm də sağlam həyat tərzidir. Buna görə də sosial yönümlü işlər görməyə çalışırıq. Ali və orta məktəblərdə keçirdiyimiz seminarlarda da bunu tədris edirik. Fikirlərimizi, təcrübələrimizi bölüşür, tələbə gəncləri pis vərdişlərdən uzaq durmağa çağırırıq.

- Çin Döyüş Növləri Assosiasiyasının və Azərbaycan Vinq Çun Federasiyasının ötənilki uğurları nələr oldu və bu il üçün nəzərdə tutulan planlar nədən ibarətdir?

- Assosiasiyanın illik təqvim planına əsasən, yerli və beynəlxalq yarışlara qatılacağıq. Aprel ayında Azərbaycanda Beynəlxalq Festivalın keçirilməsi nəzərdə tutulub. Buraya hər üç idman növü üzrə Gürcüstan, Türkiyə, Qazaxıstandan idmançılar dəvət edəcəyik.

Ötən il əldə etdiyimiz uğurlara gəldikdə, ABŞ-ın Texas ştatında uşu üzrə dünya çempionatı keçirildi. Çox böyük yarış idi. Biz həmin dünya çempionatında bürünc medala sahib olduq. Kunq-fu üzrə İtaliyada təşkil edilən dünya çempionatında 56 idmançımızdan 28-i qızıl medal qazandı. Vinq çun üzrə Honq-Konqda dünya çempionatında 12 idmançı ilə təmsil olunduq, 6 qızıl medal əldə etdik. Bir sözlə, 2023-cü il Çin Döyüş Növləri Assosiasiyası olaraq böyük uğurlara imza ata bildik. Bu il də uğurların davamını gözləyirik. Onu da deyim ki, uşunun yaxın illərdə Olimpiya idman növləri sırasına salınması ehtimalı var. Eyni zamanda, bu döyüş sənəti 2026-cı ildə gənclərin Olimpiadasının da proqramına daxil edilib. Gənc üzvlərimiz bu yarışlara qatılacaqlar. Hazırda vinq çun da daxil olmaqla həm uşu, həm də kunq-fu üzrə çox peşəkar idmançılarımız var və onlar həm ölkədaxili yarışlara, həm də dünya çempionatına və beynəlxalq turnirlərə qatılıb böyük nailiyyətlər əldə edirlər.

- Övladlarının idmanla məşğul olmasını istəyən və seçim qarşısında qalan valideynlərə nə tövsiyə edərdiniz?

- Düzdür, əslində hər bir valideyn istəyir ki, övladı güclü, sağlam, ağıllı olsun, idmana maraq göstərsin. Tövsiyə edirəm ki, hansı idman növünü seçmələrindən asılı olmayaraq, əvvəlcə onu tədris edən müəllimi yaxşı tanısınlar. Unutmasınlar ki, həmin şəxs idmançı, məşqçi olmaqla yanaşı, həm də yaxşı pedaqoq olmalıdır. Çox təəssüf ki, bəzi məşqçilərimiz pedaqoq deyil. Hətta gənclərimizi şikəst edən məşqçilər də var. Buna görə də valideynlər keçirilən dərslərdə mütəmadi iştirak etməlidir, həmin müəllimin övladını necə öyrətdiyini görməlidirlər. Qeyd edim ki, artıq klublardakı neqativ halların qarşısı Gənclər və İdman Nazirliyi tərəfindən alınır. Bəzi federasiyalar, klublar məhz bu səbəblərə görə bağlanıb. Nəzarət bu gün də ciddi şəkildə davam etdirilir.

- Son olaraq yeniyetmə və gənclərə tövsiyələrinizi də eşitmək faydalı olardı.

- Gənclərə tövsiyəm odur ki, mütləq idmanla məşğul olsunlar. Çünki idman özünümüdafiə ilə yanaşı, insanı pis vərdişlərdən də uzaqlaşdırır. Qeyd etməliyəm ki, əqli yorğunluğu da fiziki məşqlərlə çıxarmaq mümkündür. Universitet tələbələri var ki, imtahandan çıxıb axşam bizim dərslərə gəlir, məşqlərə qatılırlar. Buradan çıxanda yorğunluqlarının keçib getdiyini deyirlər. Çünki idman zehni yorğunluğu aradan qaldırır. Ümumiyyətlə, istər vinq çun, istərsə də digər idman növləri olsun, yetər ki, gənclərimiz idmana gəlsinlər, idmanı sevsinlər, onunla ciddi məşğul olsunlar.

Son dövrlərdə ölkəmizdə idmanın inkişafı göz önündədir, böyük dəyişikliklər, irəliləyişlər var. Əvvəllər elə yarışlar olurdu ki, gedə bilmirdik, dünya çempionatlarında iştirak edə bilmirdik. Amma indi idmançılarımız məhz Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bu yarışlara qatılırlar. Fürsətdən istifadə edib, Gənclər və İdman Nazirliyinə federasiyalara, assosiasiyalara göstərdiyi diqqət və qayğıya görə minnətdarlığımı bildirirəm. Ümumilikdə isə Azərbaycanda idmanın inkişafına gərək hamılıqla dəstək olaq ki, ölkəmizi layiqincə tanıdıb, təmsil edə bilək.







Starxeber Bizi instagramda izləyin