Sosial
16.03.2023
110
Qətər Xarici İşlər Nazirliyinin Diplomatik İnstitutunun direktoru Əbdüləziz bin Məhəmməd Al-Horr ADA Universitetində İnkişaf və Diplomatiya İnstitutunun ("IDD") qonağı olub. Görüşdə həmçinin Qətər Dövlətinin Azərbaycandakı səfiri Feysal bin Abdullah Al Hinzab da iştirak edib.
ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru, Dr.Fariz İsmayılzadə qonaqları salamlayaraq əvvəlcə onlara "IDD"nin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. İnstitutun ADA Universitetinin nəzdində fəaliyyət göstərdiyini bildirən Prorektor İsmayılzadə Universitetin də yaranma tarixçəsindən və beş fərqli istiqamət üzrə təqdim etdiyi ixtisaslardan bəhs edib.
Daha sonra, Qətər Xarici İşlər Nazirliyinin Diplomatik İnstitutunun fəaliyyəti ilə bağlı məlumat verən cənab Əl-Horr iki qurum arasında əməkdaşlığı daha da genişləndirəcək Anlaşma Memorandumunun tezliklə imzalanacağını diqqətə çatdırıb.
Görüşdə ölkələrimiz arasında əlaqələrin genişləndiyi və tezliklə imzalanacaq sənədin də elə məhz bunun təzahürü olduğu qeyd edilib. Əlavə edilib ki, sözügedən əməkdaşlıq sayəsində Qətəri təmsil edən diplomatların Xəzər hövzəsi ölkələri barədə məlumatlılığı artacaq, eyni zamanda Azərbaycan auditoriyasında ərəb dünyası haqqında təsəvvürlər daha da genişlənəcək.
Qeyd edək ki, "IDD" və Qətər Xarici İşlər Nazirliyinin Diplomatik İnstitutu əməkdaşlıq çərçivəsində diplomatlar üçün təlimlər, birgə konfranslar və silsilə mühazirələr təşkil edəcək, aktual mövzularda məqalələrin nəşrini həyata keçirəcək, bilik və təcübə mübadiləsini təmin edəcək.
###