22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Xocalı soyqırımından 30 il ötür
Siyasət 23.02.2022 247

Xocalı soyqırımından 30 il ötür.

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirib.
Hücumdan əvvəl, fevralın 25-i axşamdan şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başladı. Nəticədə şəhərdə yanğınlar baş verdi və fevralın 26-sı səhər saat 5 radələrində şəhər tam alova büründü. Belə bir vəziyyətdə erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur oldu. Ancaq bu, baş tutmadı. Şəhəri yerlə-yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbçiləri dinc əhaliyə divan tutdular.
Məqsəd bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, işğalın nəticəsində xarabalığa çevrilib.
Xocalı soyqırımı zamanı 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tam məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirib, 613 nəfər, o cümlədən 63 uşaq və 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürülüb.
Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır. XX əsr dünya tarixinin ən qəddar soyqırımı aktı olan Xocalı soyqırımı haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində bünövrəsini ümummilli lider Heydər Əliyevin qoyduğu siyasi kurs bu gün də uğurla davam etdirilir. Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş Ulu Öndər Heydər Əliyev hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zəruriliyini vurğulamış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün xüsusi səy göstərmişdir. “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu Türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi” deyən Prezident cənab İlham Əliyevin birbaşa səyi nəticəsində bu gün dünyanın bir sıra dövlətləri Xocalı qətliamını əsl soyqırımı kimi tanıyır və qəbul edir.
“Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası da bu siyasi kursun həyata keçirilməsində uzaqgörənliklə düşünülmüş uğurlu bir strategiyadır. “Xocalıya ədalət!” bu gün bəşəriyyəti terror nəticəsində zülm və işgəncələrdən əziyyət çəkən milyonlarla insanın taleyi uğrunda mübarizəyə çağıran mənəvi bir cəbhədir. “Xocalıya ədalət!” çağırışı beynəlxalq terrora qarşı mübarizədə humanizm dəyərləri üzərində köklənmiş güclü və yeni strateji modeldir. “Xocalıya ədalət!” beynəlxalq məlumat kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən irəli sürülüb. Faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya dünyanın bir çox ölkələrində uğurla həyata keçirilir. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır. Bu gün “Xocalıya ədalət!” dünyanı gəzir, beynəlxalq kürsülərdən insanları haqsızlığa, zülmə və zülmkarlığa, terrorçuluğa qarşı mübarizəyə çağırır. Məqsəd Xocalı faciəsinin əsl mahiyyətini, cinayətkarları və onların havadarlarını dünyaya bəyan etmək, ikili standart mövqeyində dayanmış ayrı-ayrı dövlətləri, bəzi beynəlxalq təşkilatları haqqın səsinə səs verməyə çağırmaqdır. Həmçinin beynəlxalq qurumların bu faciə ilə əlaqədar və eləcə də insan hüquqları və azadlıqları haqqında qəbul edilmiş qərarlarına, müraciətlərinə hörmətlə yanaşmağa çağırmaq, həm beynəlxalq hüquq normaları çərçivəsində, həm də əxlaqlı, saf siyasi yanaşma yolu ilə Xocalı faciəsinə hüquqi və siyasi qiymət vermək istəyidir. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Heç bir cinayət, xüsusilə də insanlığa qarşı törədilmiş cinayət cəzasız qalmamalıdır və qalmayacaq.
Mənfur ermənilər Xocalı soyqırımını törətməklə Azərbaycan xalqının gözünü qorxutmaq istəsələr də, buna nail ola bilmədilər. Bu faciə hər birimizi dərindən yaraladı, amma milli iradəmizi, azadlıq eşqimizi, işğalla barışmaz mövqeyimizi sarsıda bilmədi. Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasəti, şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində işğal altında olan torpaqlarımız azadlığa qovuşdu, Xocalıda soyqırımına məruz qalanların qisası döyüş meydanında alındı, günahsız soydaşlarımızın qanı yerdə qalmadı. Bununla da həmin şəhidlərin yaxınlarının, eləcə də bütün Azərbaycan xalqının ürəyinə su çilədilər. Vətənimizin mərd oğulları döyüş meydanında Xocalı cəlladlarını məhv etdilər, faşist xislətli ermənilərə heç zaman yadlarından çıxarmayacaqları dərs verdilər.
 Ayna Novruzova, Xocalı Soyqırımını Tanıtma ictimai birliyinin Binəqədi rayon şöbəsinin sədri






Starxeber Bizi instagramda izləyin