Könül Nurullayeva - “Mənim hər hansı mənada kənara çəkilməyimdən söhbət gedə bilməz!”

Bu barədə parlamentdə dəfələrlə
çıxış etmişəm, baş nazirə, Bakı Şəhər İcra Hakimiyyətinə, iqtisadiyyat nazirinə və digər aidiyyəti qurumlara müraciət etmişəm.





Milli Məclisin deputatı Könül Nurullayeva Operativ24.az -a müsahibə verib.


- Könül xanım, karantin vəziyyəti nisbətən yumşalmağa doğru gedir, normal həyata dönürük. İndiki zamanda fəaliyyətinizdə dəyişikliklər əldə olunub?

- Pandemiya şəraiti və bunun yaratdığı sərt karantin rejimi zərurəti istənilən sahəyə təsir etdi. Seçicilərimlə fiziki ünsiyyətdə müəyyən məhdudiyyətlər olsa da, biz virtual qaydada işimizi davam etdirdik. Qəbulları karantin şərtləri çərçivəsində səyyar, birbaşa və onlayn formatda keçirdim. Bütün müraciətlərə fərdi qaydada yanaşıldı və bu gün də bu cür yanaşılır. Yazılı müraciətlər həll edilməsi üçün aidiyyəti üzrə göndərilir. Hətta pandemiyanın təsirlərini minimuma endirmək məqsədilə dövlətin həyata keçirdiyi tədbirlərə dəstək məqsədilə sosial aksiyalar reallaşdırdıq. Bu mənada deyə bilərəm ki, sərt karantin sadəcə, seçicilərimlə görüşün formatına təsir etdi, mahiyyət və məzmunda hər hansı çatışmazlıq yaşanmadı.

-, Artıq deputat kimi ikinci ilinizə qədəm qoyursunuz. Geridə qalan 2 ildə hansı mühüm işlər gördünüz?

- Mən öz fəaliyyətimlə bağlı mətbuat vasitəsilə intensiv qaydada ictimaiyyətə hesabat təqdim edirəm. Sonuncu hesabatım 2021-ci ilin 8 ayını əhatə edir. Deputat qərargahıma maddi yardım edilməsi, məhəllələrin abadlaşdırılması, məşğulluq, tibbi müayinə və müalicəyə köməklik, dövlət və qeyri-dövlət orqanlarının fəaliyyətindən şikayətlər, mənzil-məişət şəraitinin yaxşılaşdırılması xahişlərinə dair müraciətlər daxil olmaqdadır. Ötən il Nizami rayonunda yerləşən Keşlə qəsəbəsi, Zakir küçəsi 11 ünvanında əlil qızı ilə birgə cəmi 16 kv/m sahəsi olan mənzildə yaşayan Zərifə Gözəlovanın mənzil-məişət şəraitinin yaxşılaşmasına nail olduq.
Vətən müharibəsi şəhidləri və qazilərinə xüsusi diqqət yetiririk. Şəhid Məmmədov Zəbiyulla Şahin oğlunun adının əbədiləşdirilməsi məqsədi ilə şəhidin adına böyük "Şəhid bulaq-kompleksi" inşa edilib, eyni zamanda İkinci Qarabağ döyüşlərində Nizami rayonunun 31 şəhidinin simasında ümumilikdə 60 şəhidimizin rəsm əsərlərindən ibarət sərgi təşkil olunub, Nizami rayonundan döyüşlərdə iştirak edərək ağır yaralanmış 4 nəfər qazi himayəyə götürülərək, müalicəsi və reabilitasiyası reallaşıb, Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş ağacəkmə aksiyası həyata keçirilib. Təkcə bu ilin 8 ayı ərzində 2568 nəfərə müxtəlif yardımlar edilib.
Milli Məclisdə hesabat dövründə "İşsizlikdən sığorta", "Məşğulluq", "Əmək pensiyaları", "Ailə Məcəlləsi”, "Gender bərabərliyinin təminatları" haqqında Qanunlar başda olmaqla bir çox qanunvericilik aktlarının müzakirəsində iştirak etmişəm, həm bu sənədlər, həm də bir neçə dövlət qurumunun hesabatları ilə bağlı müvafiq təklif və tövsiyələrimi bildirmişəm.
İstedadlı gənclərə və qadınlara dəstək layihələrinə hər zaman diqqət göstərirəm.
Bu baxımdan "Youth Inc." Sahibkarlıq proqramının əhatə etdiyi bölgələrin tərkibinə Nizami rayonunun daxil edilməsi, gənclərin və qadınların sahibkarlıq fəaliyyətində iştirak etməsi üçün imkanların yaradılması, yenilikçi startap və biznes layihələrinə cəlb olunması və s. qeyd edə bilərəm.
Ölkə və dünya gündəmində baş verən əhəmiyyətli hadisələrlə bağlı nüfuzlu KİV-də yazılarım dərc olunur. Son bir ildə beynəlxalq mətbuatda 40-dan çox, fəaliyyətim dövründə isə 100-dən çox məqaləm dərc olunub. Yerli mətbuatda demək olar ki, hər gün cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlərlə bağlı açıqlama və məqalələrlə çıxış edirəm. 
Azərbaycan-Xorvatiya işçi qrupunun rəhbəri kimi bu ölkə ilə parlamentlərarası əlaqələrin dərinləşməsi istiqamətində çalışıram. Xorvatiyanın ən aparıcı media platformalarında mütəmadi olaraq dövlətçilik maraqlarımızı əks etdirən məqalələrlə çıxış edirəm.
AŞPA-da fəaliyyətim çərçivəsində “Avropada etnik ayrı-seçkilik məsələləri”, “Vaksinləşmə prosesi”, “Uşaqlara qarşı zorakılıq”, “Təmsil olunmayan qruplardan olan qadınların siyasi və ictimai qərar qəbuletməsində iştirakının artırılması”, “Deputatların gender bərabərliyinin təşviq edilməsində rolu və Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanın praktik cəhətdən tətbiq olunması” və s. mövzular üzrə çıxışlar edirəm. Həmçinin BMT, İHİF Koordinasiya Komitəsi, Parlamentlərarası Birlik və BMT Qadın təşkilatları, MDB Parlamentlərarası Assembleyası, Tolerantlıq və Sülh üzrə Beynəlxalq Parlament kimi nüfuzlu təşkilatların toplantılarında Azərbaycanı təmsil edirəm.
Tolerantlıq və Sülh üzrə Beynəlxalq Parlamentinin Beynəlxalq Əlaqələr komitəsinin üzvü, eyni zamanda MOK-un İcraiyyə Komitəsinin üzvü seçilmişəm.

- Ərazinizdə görüləsi hansı işlər qalıb?

- Seçicilərimi qayğılandıran məsələlərlə maraqlandığınız üçün sizə də təşəkkürümü bildirirəm. Bu barədə parlamentdə dəfələrlə
çıxış etmişəm, baş nazirə, Bakı Şəhər İcra Hakimiyyətinə, iqtisadiyyat nazirinə və digər aidiyyəti qurumlara müraciət etmişəm. Hazırda Nizami rayonunda insanları narahat edən problemlərə gəlincə, Keşlə qəsəbəsinin içərisindən keçən Babək prospekti ilə H.Əliyev prospektini birləşdirən M.Ə.Sabir küçəsinin yenidən qurularaq genişləndirilməsi üçün müvafiq maliyyə vəsaitinin ayrılmasına ehtiyac var. Burada yaşayan insanlar uzun illərdir əziyyət çəkirlər.
Qəsəbədə fəaliyyət göstərən 15 saylı marşrut xətti də M.Ə.Sabir küçəsindən işləyir. Gün ərzində yaranan tıxaclar səbəbindən, nəqliyyat vasitələri yollarını dəyişməklə Keşlə qəsəbəsində yerləşən “1941-1945” parkının ətrafından alternativ yol kimi istifadə etmək məcburiyətində qalırlar. Bu isə öz növbəsində yolların kənarında yerləşən evlərin sakinləri üçün əlavə təhlükə yaradır. Qeyd edim ki, Keşlə Bakı şəhərinin ən böyük qəsəbələrindən biri olmaqla rəsmi qeydiyyatda 26 min, qeydiyyatsız isə 50 min sakinin yaşadığı qəsəbədir.
Digər bir məsələ-istilik sistemi problemidir. Nizami rayon C.Naxçıvanski küçəsi 49, 51, 53, 55, 59 saylı, Rüstəmov küçəsi 13a, 21a, 74 saylı, M.Abbasov küçəsi 21, 23, 43 saylı, K.Balakişiyev küçəsi 48 saylı, Ordubadi küçəsi 12, 14 saylı, və yüzlərlə binada istilik sistemlərinin bərpa edilməsi üçün maliyyə vəsaitinin ayrılmasına ehtiyac var. Burada məskunlaşan əhalinin əksəriyyəti köhnə binalarda yaşayır və fərdi istilik sistemi çəkəcək vəsaitə malik deyillər.
Daha bir həllini gözləyən məsələ - 278 saylı uşaq bağçasının əsaslı təmir olunmasıdır. Bağça 1966-cı ildən fəaliyyət göstərməsinə baxmayaraq, ötən yarım əsr ərzində əsaslı təmir edilməyib, eyni zamanda Azərbaycan-Ermənistan arasında baş verən müharibə səbəbindən bağçada 15 məcburi köçkün ailəsi yerləşib. Hazırda qəsəbədə 309 saylı, 100-110 yerlik fəaliyyətdə olan uşaq bağçasının mövcud olmasına baxmayaraq sakinlərin tələbatını tam ödəmir. Nəticədə sakinlər uzun illərdir bu problemdən əziyyət çəkirlər. Vaxtı ilə mövcud olmuş Sənaye Tikinti Nazirliyinin 4 saylı Tikinti trestinə məxsus, E.Süleymanov küçəsi 137 və 139 saylı binaların tamamlanaraq başa çatdırılmasına da ehtiyac var. Bu binaların hər ikisi yarımçıqdır.
Binalardan birinin 4 mərtəbəsi, digərinin isə 9 mərtəbəsi tikilsə də,  çardaqları vurulmayıb, lift yoxdur, bina yaşamaq üçün əlverişsizdir. Binada yaşayan insanlar artıq 30 ildən çoxdur ki, bu yarımçıq binalarda əziyyət çəkirlər. Eyni zamanda Keşlə qəsəbəsində 250-dən çox ailənin yaşadığı P.Fərzəliyev, 50-dən çox ailənin yaşadığı M.Ağayev küçələrinə  kanalizasiya xəttinin çəkilməsi, 120-dən çox ailənin yaşadığı A.Mirzəyev, T.Bədəlov, N.Abdullayev küçəsi 4, 15 saylı (Korlar sexi) küçələrində kanalizasiya xətləri yenidən qurulmalıdır.
Ümid edirəm ki, müraciətlərimizlə bağlı yaxın vaxtlarda konkret addımlar atılacaq.

- Sanki bir az kənara çəkilmisiniz...

- Deməzdim. Mən millət vəkili olaraq seçicilərimin yanındayam, daim onlarla təmasdayam. Fəaliyyətimlə bağlı informasiyalar media orqanlarında, rəsmi sosial şəbəkə səhifəmdə daim işıqlandırılır. Mənim hər hansı mənada kənara çəkilmədən söhbət gedə bilməz. Hər zaman seçicilərimin etimadını doğrultmağa çalışıram. 

- Üzvü olduğunuz Gənclər və idman komitəsi ətrafında sual verək. Yeni idman naziri və yeni müavinlərin tanıyırsınızmı? Uzun illər həmin sektorda fəaliyyət göstərmisiniz. Onlardan gözləntiləriniz nələrdir?

- Bəli, yeni nazir müavinləri hər ikisi işinin peşəkarıdır. Düşünürəm ki, onların bu sahədə qazandığı təcrübə idman sahəsinin inkişafına öz töhfəsini verəcək.

 Ağa Dadaşzadə


Showxeber Bizi instagramda izləyin



Siyasət 20.12.2021 300
Bütün Xəbərlər