Qarşıda duran əsas vəzifə bələdiyyələrin fəaliyyətinin genişləndirilməsidir -CİDDİ

Məlum olduğu kimi cəmiyyətin demokratikləşməsi və səmərəli idarə edilməsində yerli özünüidarəetmənin rolu olduqca əhəmiyyətlidir. Müstəqil yerli özünidarəetmənin yaradılması ölkəmizdə gedən demokratiya prosesinin böyük bir hissəsi olmaqla yanaşı həm də demokratiyanın inkişafı deməkdir. Bu isə bələdiyyə sisteminin təkmilləşdirilməsinə, bələdiyyə institutunun formalaşdırılmasına, bu orqanın cəmiyyətdə nüfuzunun və rolunun artırılmasına, eləcə də bu sahədə yol verilən nöqsanların aradan qaldırılmasına qayğı və diqqətin təzahürü kimi qiymətləndirilməlidir.

Yerli özünüidarəetmənin inkişafı, təkmilləşdirilməsi, istiqamətləndirilməsi sahəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul olunmuş qanunlar və qanunlara edilmiş əlavə və dəyişikliklər mütərəqqidir, beynəlxalq normalara uyğundur, demokratik prinsipləri əks etdirmək baxımından əhəmiyyətlidir. Bunu 20 il ərzində yerli özünüidarəetmə orqanlarının fəaliyyətində olan irəliləyişlər və həyata keçirilən ardıcıl islahatlar bir daha sübut edir.
Görülən işlərə və həyata keçirilən ardıcıl islahatlara baxmayaraq yerli özünüidarəetmə orqanlarının təkmilləşdirilməsinə ciddi ehtiyacı var. Bələdiyyə institutunun səmərəli fəaliyyəti üçün həyata keçirilən müəyyən islahatlar - bələdiyyə assosiasiyalarının yaradılması regional əhəmiyyətli tədbirlərin görülməsinə, kadrların fəallığının yüksəlməsinə, bir çox mühüm əhəmiyyətli layihələrin həyata keçirilməsinə kömək etmişdir.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzi öz üzərinə düşən işin öhdəsindən layiqincə gəlsə də mərkəz qurumlararası koordinasiyanı həyata keçirmək səlahiyyətində olmadığına görə inzibati nəzarətin tətbiqi Ədliyyə Nazirliyində qalmaqla bələdiyyələrə metodiki yardımın göstərilməsi, mərkəzi, yerli icra və qanunverici orqanlararası koordinasiya əlaqələrinin qurulması, bələdiyyələrə ayrılan dotasiyanın və subvensiyanın bölüşdürülməsi, bələdiyyənin fəaliyyətində ortaya çıxan problemlərin ictimailəşdirilməsi, qəbul edilən qanunların düzgün və vaxtında yerinə yetirilməsi üçün peşəkar mütəxəssislər və ekspertlər tərəfindən yerlərdə təbliğat işlərinin aparılması və qanunun əsas məğzinin vətəndaşlara izah edilməsinin təşkili və digər əhəmiyyət kəsb edən və həlli vacib olan məsələləri həyata keçirən dövlət orqanının yaradılması təxirəsalınmaz vəzifə kimi qarşıda duran əsas vəzifələrdən biri hesab edilməlidir.
Atılan addımların əsas qayəsi bələdiyyələrin fəaliyyətinə kənar müdaxilənin azaldımasına yönəldilməlidir. Yaradılacaq bu qurum, Azərbaycan Prezidenti yanında Bələdiyyələrin inkişafına Dövlət Dəstəyi Fondu formasında təşkil edilsə, bu fond Qeyri-Hökumət Təşkilatlarına ( QHT-lərə) Dövlət Dəstəyi Fondu kimi özünü doğrulda bilər.
Yaradılacaq bu təşkilata dövlət siyasətini və bələdiyyələrin fəaliyyətində normativ-hüquqi tənzimləmələri həyata keçirən, bələdiyyələrin qarşılaşdığı problemləri həll edən, kənardan edilən müdaxilələrin qarşısının alınmasına köməklik göstərən, qabaqcıl təcrübəni bələdiyyə sisteminə tətbiq edən mərkəzi icra hakimiyyəti orqanı kimi də təsis etmək olar. Bu orqana qurumlararası koordinasiya ilə bağlı səlahiyyətin verilməsi, bələdiyyələrə real metodik köməkliyin göstərilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, dotasiya və subvensiyanın ayrılmasına və xərclənməsinə nəzarətin və digər əlavə səlahiyyətlərin verilməsi bələdiyyələrin inkişafına və daha səmərəli fəaliyyətinə təkan verər, mövcud neqativ halların və nöqsanların qarşısı almaqla onların aradan qaldırılmasına köməklik etmiş olar.
Bələdiyyələrin yaradılmasından 20 (iyirmi) il keçməsinə baxmayaraq bələdiyyələr vətəndaşlarla, yəni ərazisində yaşayan insanlarla planlı şəkildə işləyə bilmir. Bunun əsas səbəbi vətəndaşların yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə maraq və təşəbbüs göstərməməsidir. Qüvvədə olan qanuna görə hər bir vətəndaş seçdikləri bələdiyyə üzvlərinin fəaliyyətilə yaxından tanış olmalı və bələdiyyənin fəaliyyətilə bağlı istənilən məlumatı əldə edə bilər. Çox təəssüflər olsun ki, bu qarşılıqlı fəaliyyət bu günə kimi öz müsbət həllini istənilən səviyyədə tapa bilməyib.
Məlum olduğu kimi bələdiyyələr qanunla müəyyən edilmiş qaydada torpaq vergisi, mədən vergisi toplamalı, özündə fəaliyyət göstərən müəssisədən mənfəət vergisindən gəlir götürməlidir.
Acınacaqlı haldır ki, son illərdə bələdiyyələrin əmlakının artmasına baxmayaraq onların yığdığı vergilərin məbləği artmaq əvəzinə azalır. Buna səbəb yuxarıda qeyd edildiyi kimi sakinlərlə əlaqələrin zəif olması və vətəndaşların vergiləri ödəməkdən imtina etmələridir. Burada ciddi inzibatı tədbirlərin həyata keçirilməsi məqsədəuyğun olardı. Beləki, natoriuslarda alqı-satqı zamanı vətəndaşlardan bələdiyyələrə borclu olub-olmamaları barədə arayış tələb edilsə bu bələdiyyənin yığdığı vergilərinin xeyli çoxalmasına səbəb olar. Bələdiyyənin hesabında nə qədər çox vəsait olarsa, heç şübhəsiz, bu vəsaitin böyük bir hissəsi vətəndaşların müxtəlif problemlərinin həllinə yönəldilir.
Son illərdə qəbul edilmiş bütün əsas sosial, ictimai, təsərrüfat həyatı ilə bağlı qanunlalarda, şəhərsalma ilə əlaqədar qanunvericilikdə və digər mühüm sənədlərdə bələdiyyələrə müəyyən səlahiyyətlər verilsə də onlar bundan səmərəli istifadə edib müxtəlif istehsal sahələrinin yaradılmasına, məktəblər, körpələr evi-uşaq bağçalarının açılmasına belə təşəbbüs göstərməmişlər. Eyni zamanda, bələdiyyələrin ərazisində böyük müəssisələr yaradan sahibkarlar bələdiyyələrə torpaq vergisini ödəməkdən imtina edir.
Bələdiyyələr onlara məxsus torpaqlarda müxtəlif kənd təsərrüfatı məhsulları əkib becərməklə vətəndaşları becərmə işlərinə və məhsul toplanılmasına cəlb etməklə bələdiyyə təsərrüfatı yaradar, minlərlə insanı əməyə cəlb etməklə onların maddi durumlarınının yaxşılaşdırılmasına kömək etmiş olardılar.
Bələdiyyə ərazilərində tam şəffaflığın olmaması nəticəsində     mehmanxana, sanatoriya-kurort, turizm xidməti göstərən şəxslərdən, hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqlarında və ya bələdiyyənin qərarı əsasında müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqlarında bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda, restoranlar, istirahət mərkəzləri və digər iaşə obyektlərində, əmlak üzərində küçə (divar) reklamının yerləşdirilməsı və yayılmasından bələdiyyələrə vergilər onların mövcud gəlirlərindən tam ödənilmir və yaxud onlar ödəmələr etməkdən boyun qaçırırlar.
Belə neqativ halların qarşısını almaq üçün ilk növbədə bələdiyyə üzvləri gündəlik fəaliyyətlərində qanunların düzgün yerinə yetirilməsinə səy göstərməli, yarımçıq ödənişlərdən çəkinməli, düzgün uçotun aparılmasına ciddi əməl etməlidirlər. Bu məqsədlə yerli hüquq mühafizə orqanları ilə əlaqəli işləməli, baş verən bütün neqativ hallar barədə məlumat heç bir güzəşt edilmədən əlaqədar orqanlara göndərilməlidir.
   Bələdiyyələrin idarə edilməsində yaranan maliyyə böhranının aradan qaldırılması istiqamətində bir çox təcrübəli bələdiyyə işçiləri və ekspertlər çıxış yolunu ölkəmizin sürətli inkişafi ilə əlaqədar başverən struktur dəyişiklərinə uyğun yerli özünüidarəetmə sisteminin yenidən qurulmasında və təkmilləşdirilməsində görürlər. Kiçik maliyyə imkanları məhdud olan bələdiyyələrin fəal, yaxşı iş təcrübəsinə malik bələdiyyələrlə birləşməsi bu tədbirlərə daxildir. Hec şübhəsiz bələdiyyələrin birləşməsi inzabati xərclərin azalmasına, mülkiyyətin genişlənməsinə, təcrübəli kadrların potensial gücündən daha səmərəli istifadəyə və bələdiyyələrin fəaliyyətinə nəzarətin daha yaxşı həyata keçirilməsinə imkan yaradar.
Qeyd etmək lazımdır ki, bələdiyyələrin birləşdirilməsi sonuncu yollardan biri olmamalıdır. Əsas diqqət bələdiyyələrin idarəetmədə rollarının artırılmasına və onların maliyyə durumlarının yaxşılaşdırılmasına yönəldilən şəffaf tədbirlərin həyata keçirilməsidir.
Eyni zamanda, idarəetmədə bələdiyyələrə əlavə hüquqlar verilməli, bələdiyyə üzvlərinin peşəkarlığına və yüksək ixtisas təhsilinə malik olmaları prioritet məsələ kimi nəzərə alınmalıdır. Bələdiyyələrin fəaliyyətinə mənfi təsir göstərən kənar təşkilatlar tərəfindən edilən yersiz təzyiqlərin qarşısı qanun çərçivəsində alınmalıdır.
Atılacaq ən mühüm addımlardan biri bələdiyyələrin ərazisində   fəaliyyət göstərən bütün təsərrüfat subyektlərindən qazanılan gəlirlərə uyğun olaraq bələdiyyələrə vergi, ödəmələri olmalıdır. Bələdiyyələrə isə vergi ödəmələrindən müəyyən güzəştlər edilməlidir.
Bələdiyyələrin büdcəsinin artırılması üçün vergidən yayınanlara qarşı, həmçinin mədən və əmlak vergilərinin küçə reklamları üzrə ödənişlərin hesablanması və yerli verginin alınması üçün təkmilləşdirilmiş mexanizmin yaradılması təxirəsalınmaz vəzifə kimi qarşıda durmalıdır.
Həmçinin əhalinin ödədiyi kommunal xərclərdən bələdiyyəyə müəyyən faizin ödənilməsi də bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılmasına kömək etmiş olar.
Ən əsası Bakı şəhərinə daxil olan rayon bələdiyyələrinə əmlakın və torpağın verilməsi həll edilməli, onların torpaq xəritəsinin tez bir zamanda hazırlanıb başa çatdırılması sürətləndirilməlidir. Bu məsələlər həll edilənə qədər bələdiyyənin ərazisi olan qanunsuz zəbt edilən torpaqlardan və həmin torpaqlarda tikilən əmlakdan vergi almaq üçün vətəndaşlarla müvəqqəti müqavilə bağlanmasına icazə verilməsi üçün bələdiyyənin müvafiq qanunlarına müvəqqəti əlavələr edilməsilə bələdiyyələrin maliyyə durumunu xeyli yaxşılaşdırmaq olar. Çox maraqlıdır ki, qanunsuz zəbt edilən bu torpaqlarda tikilən evlərdən istifadə edilən qaz, su, elektik enerjisinə görə necə illərdə pul yığıldığı halda onlardan torpaq və əmlak vergisi toplanılmır.
Bütün bunlarla yanaşı bələdiyyələrin səmərəli fəaliyyəti onların ərazisində yaşayan əhali ilə sıx əlaqənin yaradılmasından və vətəndaşların etimadının qazanılmasından çox asılıdır. Bələdiyyə üzvlərinin səmimi, fəal fəaliyyəti və təşkilatçılıq qabiliyyəti əsas məsələlərdən biridir. Onların çevik fəaliyyəti, prinsipiallığı və şəffaf iş üsulu bələdiyyələrin qarşısında duran vəzifələrin yerinə yetirilməsində mühüm əhəmiyyət kəsb edəcəkdir.
  Səbinə Xasayeva
Milli Məclisin deputatı


Showxeber Bizi instagramda izləyin



Siyasət / Sosial 22.09.2021 4 669
Bütün Xəbərlər