"Baku Electronics"dən narazılıq bitmək bilmir - ŞİKAYƏT

"Baku Electronics" mağazalar şəbəkəsindən növbəti şikayətləri işıqlandırırıq

Sonxeber.az-ın məlumatına görə, Vəli Məmmədov adlı şikayətçi adı çəkilən mağazanın "İnşaatçılar" filialından soyuducu sifariş edib, lakin ona verdikləri sözü yerinə yetirməyiblər:


"Sifariş zamanı deyilmişdi ki, onu tamamilə açıb, yerləşdirmək lazımdır. Çünki evdə xəstə adam qalır, özü bacarmaz. Mağazadan dedilər ki, heç bir problem yoxdur, ustalar özləri edəcəklər. Məhsulu 2 gün gecikmə ilə gətirdilər, fəhlə isə cəmi 2 nəfər göndərmişdilər. 2 nəfər 2 metrlik soyuducunu əziyyətlə 4-cü mərtəbəyə qaldırdıqdan sonra koridorda qoyub, getdilər. Müştəri koridordan mətbəxə çəkməyi xahiş edəndə isə, ona kobud cavab veriblər. Başa düşürəm ki, artıq pul xərcləməmək üçün 2 nəfərə 5 nəfərin işini gördürürsünüz, amma müştərinin günahı nədir ki, işçiləriniz ona kobud şəkildə cavab verir?"
Şikayətçi sonda qeyd edib ki, problemini başqa şirkətdən servis çağıraraq həll edib.
Digər şikayət isə "Baku Electronics"in servis xidmətindəndir.
Şikayətçi Ömür Mehdili söyləyib ki, "143" qaynar xəttinə zəng etməsinə baxmayaraq, problemi həll olunmayıb:
""Bosch" markalı soyuducum xarab olub. 143-ə zəng etdik, sifarişi qeydə alan xanım hər kim idisə, "2-3 günə sizinlə əlaqə saxlanılacaq" dedi. Bu gün əlaqə saxladım, birinci "Əhmədli" filialına yönləndirdilər. Mən dedim ki, yayın günündə soyuducunun xarab olması çox pis haldır, paltaryuyan, qaz sobası, aspiratordan vacib soyuducudur vət əxirə salınmadan təmir olunmalıdır. Gördüm, qarşı tərəf heç nə demir, "alo-alo" dedim, heç bir cavab gəlmədi. O qədər sırtılıblar ki, operator, yəqin, "danış özün üçün" deyə düşünərək telefonu bir kənara qoyub. İkinci dəfə zəng etdim, hərəsi bir yerə yönləndirdi. Axırda məlum oldu ki, "mərkəz"ə yönləndirilmişəm.
Bütün olanları danışdım, yoxlayıb dedilər ki, birinci günə servis göndərilə bilər. Bir sözlə, "soyuducunun içini yığ, zibil torbasına at, getsin".
"Baku Electronics"dən nə isə alanda adamın başına pərvanə kimi dolanırlar, zay məhsullarına operativ servis tələb edəndə isə veclərinə deyil".
Novruz Məmmədov adlı şikayətçi isə bildirir ki, 9 may 2021-ci il tarixində "Baku Electronics"dən 4 məhsul alıb. Şikayətçinin sözlərini olduğu kimi təqdim edirik:
""Baku Electronics"in yeni və əsrarəngiz dizayna malik olub, içi "Balaxanı zibilliyi"ndən zərrə qədər fərqlənməyən "Nərimanov" filialından 4 ədəd müxtəlif məqsədlər üçün istifadə oluna bilən məişət əşyası almışıq. Daha sonra, zəmanət şərtlərinə və istehlakçı hüquqları haqqında qanuna əsasən, 14 gündən gec olmayaraq (həqiqətdə aldığımız gündən iki gün sonra) siyahıda göstərilən məhsullardan birini qaytarmışıq (aşağıda "Baku Electronics" əməkdaşının imzası və məhsulu qaytardığına dair təsdiqi öz əksini tapır). Qaytarılan məhsul "Baku Electronics"də olmasına baxmayaraq, ödədiyimiz 39 manat hələ də geri qaytarılmayıb. Belə ki, ödəniş "Kapital Bank"ın plastik kartı (maaş kartı) vasitəsilə edilib .
Ötən bu 4 ay ərzində dəfələrlə "Baku Electronics"in "şanlı" 143 çağrı mərkəzinə problemi təfsilatı ilə izah etdikdə isə, "Müəllim, biz maraqlanıb, sizinlə əlaqə yaradarıq, ola bilsin, mühasibatlıqda səhv olub, yaxud sistemin səhvidir",- dedilər. Hər nə səhvi olursa olsun, bu, bir müştəri kimi, məni narazı və zərərçəkmiş durumuna salır və "Baku Electronics" adlanan, özünü elektronika və məişət əşyaları "nəhəng"i kimi tanıdan şirkətin isə iç üzünün çirkinliyini nümayişkəranə şəkildə bəyan edir.
Bunu bölüşməyi özümə borc bildim ki, bu tipli "etibarlı","zəmanətli" dükanlara aldanmasınlar və pullarını boş yerə israf etməsinlər.
İstinad: İstehlakçıların hüquqlarının müdafiəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Maddə 15, bənd 2: "Malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir"".
"Baku Electronics" mağazalar şəbəkəsinin 143 qaynar xəttinə müraciət etsək də, suallarımızı cavablandıran olmadı. Şirkətin saytındakı SMS bölməsinə yazıb əlaqə nömrələrimizi qeyd etdiyimizə və bizə cavab yazacaqlarını bildirdiklərinə baxmayaraq, heç bir xəbər verilmədi. 


Showxeber Bizi instagramda izləyin



Sosial 19.09.2021 225
Bütün Xəbərlər