Ötən gün əri tərəfindən qətlə yetirilən Sevinc Məhərrəmovanın mesajları yayılıb.
Sfera.az bildirir ki, bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib. O, cinayət qurbanı olan Sevincin son yazışmasını bölüşüb.
Yazışmalarda S.Məhərrəmova dəfələrlə polisə müraciət etdiyini vurğulayıb. O, həmçinin ölümdən qorxduğunu qeyd edib:
"Səhər öldüyümü eşitsələr nə dəyişəcək? 3 övladım ortalıqda qalacaq. Neçə vaxtdır sizə yazmağa qorxurdum, risk etmirdim. Uşaqlarımı əlimdən almaqla hədələyir. Bəs mənim canım atam insult keçirib, anamın da ürək çatışmazlığı var. Mən də sakitləşdiricilərlə yaşayıram”.
Gənc qadın mesajlara kömək istədiyini də əlavə edib.
Xatırladaq ki, avqustun 3-ü saat 11 radələrində 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmova əri tərəfindən paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində öldürülüb. Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü Füzuli Qarayev arvadının aralarında yaranan mübahisədən sonra küsüb sığındığı qonşusu Röyal Hüseynovun evində olmasını bilib oraya gələrkən küçədə Röyal Hüseynovu və sonuncunun yanında fəhlə işləyən Ramil Bəşirovu bıçaqlayıb, daha sonra evə daxil olaraq arvadı Sevinc Məhərrəmovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürüb.