“Avroviziya” mahnı müsabiqəsində uğursuz nəticəsi və açıq-saçıq geyim üslubu ilə yadda qalan, neçə ildir, səhnədə olsa belə, heç bir mahnısı ilə möhür vura bilməyən Səmra Rəhimlinin yeni klipi haqqında 1-2 kəlmə söz demək istəyirəm. Dahi şairimiz, satiranın ustadı Mirzə Ələkbər Sabirin “Millət necə tarac olur olsun, nə işim var?!” şeirindən bir misra götürüb “azn” adlanan klipində istifadə edib. Yox, mən nə onu, nə də klipi müzakirə edəcəm. Səmra müzakirəyə qoyulmaq üçün hələ çox gəncdir. Söhbət bu biədəb görüntüdən gedir. Bəlkə də, pis mənada etmək istəməyib, amma pis çıxıb...
Kişinin şeirindəki misradan istifadə etməyi bəs deyil, hələ əynində qəribə libasla portretin örtüyünü götürür. Sanki yeni avtomobil modelinin təqdimat mərasimidir.
Axı bu nədir?!
Təxmini bilirik ki, muasir üslublu klipdir. Amma M.Ə.Sabirlə yox da... İnsan özünü xalq üçün fəda edib, mədəniyyətimizin inkişafı üçün çalışdı ki, 21-ci əsrdə bu cür libasda portretnin örtüyünü açıb kimsə klipində çəksin? Bəli, bu birmənalı olaraq təhqirdir. Klip çəkirsən? Yaxşı edirsən. Amma düz etmirsən!
Sabir sağ olsaydı başqa məsələ. Amma inanıram ki, sağ olsaydı belə bu mənzərə ona heç xoş gəlməzdi. Onun məqsədi xalqı, milləti elm, təhsilə yönləndirmək idi. Daha mənasız işlərlə baş qatmağa yox. Sabirin adına elm ocaqları, kitabxanlar, küçələr var. Heç rəvadırmı ki, belə bir dahiyə 18+ tipli klipdə yer verilsin?! Hansı məntiqə, hansı mədəniyyətə sığır?
Bu məsələ ilə bağlı Mədəniyyət Nazirliyi ilə əlaqə saxladım. Əslində onların edə biləcəyi elə də böyük səlahiyyət yoxdur. Kaş olaydı...
Bir neçə il əvvəl dahi Nəsiminin qəzəli ölkədə çox söz-söhbətə səbəb olsa da, onlar həmin rüsvayçılığın qarşısını ala bilmədi. Eks-nazir Əbülfəz Qarayevlə danışanda bildirdiki qurum olaraq irad və tövsiyə edə bilərik, bundan başqa heç bir şey... Klipinin yayımlandığı You-Tube hər kəsə açıq bir şəbəkədir. Lakin belədir deyə məsələni boş buraxmaq lazım deyil. Birdə gördün sabah televiziya kanallarımız da yayımladı. Mən deyərdim ki, senzura yox, məhdudiyyətlər tətbiq olunmalıdır. Bizim dahi yazıçılar, şairlər, incəsənət xadimləri ucuz reklamlar üçün istifadə edilə bilməz. Bunun qarşısı alınmalıdır. Əks halda sabah daha betər mənzələrə şahidlik edəcəyik...
Ağa Dadaşzadə