22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
"Pərvizlə Türkan "kömək edəcəyik" desələr də, heç bir acı soğan da görməmişəm onlardan..."
Maqazin 11.07.2021 262

“Nizami Rəmzi ilə duetimizdən sonra qohumlarım məndən imtina etdi, qaynanam da dedi ki, müğənni olmağın bəs deyil, üstəlik bir şikəst qız da doğmusan” 
 
Samirə Vahabova. Bu ad yəqin ki, bir çoxlarınıza tanış deyil, amma o da nə vaxtsa müğəni olub. Özü də böyük məşhurluq həyatı yaşayıb. Deyir ki, vaxt var idi Filarmoniya mənə görə ağzına qədər dolu olurdu. Nizami Rəmzi ilə oxuduğu “Canan” dueti onu bir zamanlar nə qədər məşhurlaşdırmışdısa, indi bir o qədər də həmkarlarından geri qalıb Samirə xanım. Bir neçə gün öncə nömrəsini çətinliklə axtarıb tapıb, müsahibə üçün ona zəng etdim. Telefonuma cavab verdi, acınacaqlı şəraitdə zirzəmidə yaşadığını, bir quru çörəyə möhtac olduğunu bildirdi. “Gör neçə vaxtdır qarpız, tərəvəz, meyvə çıxıb, and olsun Allaha ki, bir dənə də yeməmişəm. Əlbəttə ki, ürəyim istəyir, amma kimdir mənim üçün onları alan? Quru çörəyi güc-bəla ilə tapıram” sözləri isə həqiqətən də mənim ürəyimi ağrıtdı. Bir neçə dostun köməyi ilə az miqdarda da olsa pul yığıb, Samirə xanımla görüşməyə, istədiklərini ona çatdırmağa tələsdim. Uzaqdan beli bükülmüş halda, utana-utana bir qadının gəldiyini gördüm. Sözün düzü onu tanımaqda çətinlik çəkdim. Sən demə ehtiyac içərisində yaşayış nəinki onun səhhətinə, həmçinin gözəlliyinə də təsirsiz ötüşməyib. Görüşdük, bilmədi söhbətə haradan başlasın aciz qadın. Ona kömək etdim, “lap başdan başlayın Samirə xanım” deyəndə qadının gözləri doldu. Samirə xanım məni yaşadığı binanın həyətinə gətirdi. Evə dəvət etmədi, səbəb kimi isə “Oğlum, səni evə dəvət edə bilmirəm, çünki anadangəlmə şikəst bir qızım var. Psixoloji vəziyyəti heç yaxşı deyil. Gəl elə buradakı skamyada oturub söhbətləşək” deyə bu sözləri bildirdi. 

- Samirə xanım, bu binada yaşayırsız?
 
- Oğlum, uzun müddətdir ki, binanın zirzəmisində mənə yer vermişdilər. Orada xəstə qızımla, şəraitsiz bir yerdə yaşayırdım. Qış ayında nəmişlik, soyuq bizim səhhətimizə bir az da mənfi təsir göstərirdi. Ağrımayan yerim yoxdur, olmayan da problemim. İndi isə ev yiyəsi bizi yuxarı qaldırıb, tək qadındır. Onunla birgə yaşayırıq. Bəzən qonaqları gələndə bizi padvala düşürdür. Amma yenə də sağ olsun ki, bizə əl tutur. Aylıq 280 manat pensiya alıram, 200 manat elə kirayə pulu verirəm.
 
- O vaxt müğənnilik sənətinə baxış birmənalı deyildi. Bəs sizə necə razılıq vermişdilər?
 
- Düz qeyd edirsiniz. O vaxt konsertə, toya gedəndə mənə deyirdilər ki, sənin atan, qardaşın yoxdur ki, sən düşmüsən kişilərin içinə oxuyursan? İndi yaxşı baxırlar müğənniyə. Müğənni olandan sonra bütün qohum-əqraba məndən imtina etdi ki, get Nizami Rəmzi ilə duet oxu.
 
- İndi qohum-əqrabadan kimləriniz var?
 
- Heç kimim, bir bacım var o da pis vəziyyətdədir. Ata-anam dünyasını dəyişib. Atam da, anam da seyid olublar, anadangəlmə şikəst doğulublar.
 
- Bəs həyat yoldaşınız?
 
- Həyat yoldaşım çoxdan rəhmətə gedib. Pis insan deyildi, amma çox içki içirdi. Qızım şikəst doğulduğuna görə həyat yoldaşım məni atıb, başqası ilə yaşadı. Qaynanam da həmişə deyirdi ki, müğənni olmağın bəs deyil, üstəlik bir şikəst qız da doğmusan. Hamı üz döndərdi məndən. Toylardan qazandığımı qızıma  xərləyirdim. Həkimlər deyirdi ki, 3 yaşından artıq yaşamaz, amma mən onu 40 yaşına kimi çatdırdım.
 
- Necə oldu ki, birdən-birə bu vəziyyətə düşdünüz?
 
- Heç kim bilmir ki, həyatda başına nə gələcək. Mənim vaxtilə evim də olub. Kimə deyirəm ki, evim olub, inanmır mənə. Sadəcə olaraq bir nəfər məni aldadıb evimi satdırdı ki, qızını əməliyyat etdirəcəm. İp də getdi, it də. 
 
- Nizami Rəmzi ilə necə tanış olmuşdunuz?
 
- Məni Nizami ilə musiqiçi Natiq Nuriyev tanış etmişdi. Nizami dedi ki, bir mahnı yazmışam, amma mənə uyğun qadın səsi yoxdur ki, duet oxuyum. 1976-cı ildən rəhmətə gedən günə qədər toylara birgə getdik. Nizami rəhmətə gedəndən sonra demək olar ki, mən də “öldüm”.
 
- İstərdim “Canan” mahnısının yaranmasından danışasız.
 
- Biz onunla birlikdə “Simuzərim”, “Qardaşım görər gələ bilmərəm mən”, “Cəmalə yaxşıdır” və s. mahnıları duet kimi ifa etdik. O qədər mahnılar ifa etmişik ki. “Canan”-da o mahnılardan biri. Hal-hazırda bu mahnını Pərvizlə Türkan duet şəkilində ifa edir.
 
- Belə demək mümkündürsə onlar sizin və Nizami Rəmzinin çörəyini yeyirlər. Heç olmasa bir köməklik göstəriblər sizə?
 
- Xeyr, ay oğlum, nə danışırsız? Pərvizlə Türkan bir verilişdə dedilər ki, o qadına kömək edəcəyik. Heç bir acı soğan da görməmişəm onlardan. Sağ olsun Roza Zərgərli, İzzət Bağırov mənə bir müddət köməklik göstərdilər. Bir müğənni də var idi. Mənə dedi ki, çıx efirə adımı çək de ki, filankəs mənə kömək edir. Mən də efirə çıxıb onu təriflədim. Sən demə aldadırmış məni. Bir quru çörək də görmədim ondan. Uzun illərdir ki, acınacaqlı vəziyyətdə yaşayıram. Qurban bayramında ət verirlər, Ramazan bayramında adıma fitrə çıxarırlar. Bir də görürsən qonşu soğan verir, üstünə sumax töküb qızımla birgə yeyirəm. Qarşıdan Qurban bayramı gəlir, gözüm qapıda qalıb ki, görüm kim məni yada salacaq.
 
- Müğənnilik sənətini atandan sonra harada çalışmısınız?
 
- Sənəti atandan sonra kafelərdən birində xadimə olaraq işə başladım. Bir müddət sonra yaşımı səbəb göstərib məni işdən çıxardılar. Yerimə cavan bir qızı götürdülər.
 
- Bəs indi necə, haradasa işləyirsiz?
 
- Xeyr, heç bir yerdə işləmirəm. Məcburiyyət qarşısında qalıb daha sonra bir müddət, daha dəqiq desək 14 il İdman İnstitunda süpürgəçi işlədim. Həm küçəni süpürürdüm, həm də içərisini. İri daşlara kimi daşıyırdım. Üzümü gizlədirdim ki, deməsinlər ki, toyumda oxuyan müğənni süpürgəçi işləyir. Sonra ordan da məni çıxardılar ki, yaşlısan.
 
- Nizami Rəmzinin ailəsi ilə münasibətiniz varmı?
 
- Ailəsi ilə münasibətim yoxdur. Bir dəfə Nisə adlı bacısının oğlu bazarlıq edib yanıma gəlmişdi. Vaxtilə Nizami Rəmzi ilə bölgələrə, Bakı kəndlərinə gedəndə ayağımızın altında qoyun kəsirdilər. Heyf ki, o illərin qədrini bilmədik. 
 
- Son olaraq nə demək istərdiniz?
 
- Üzümü yardımsevər, Nizami Rəmzi heyranlarına tutub, kömək istəyirəm. Mən uzun illər dağlı çörəyi yemişəm. Çox xahiş edirəm kim bu müsahibəni oxuyursa mənə kömək etsin, quru çörəyə möhtacam. Gecə-gündüz namaz qılıram, mənə kömək edənlərə dua edirəm./moderator.az






Starxeber Bizi instagramda izləyin