Milli Məclisdə “Siyasi dialoqun Azərbaycan modeli: qanunvericilik hakimiyyətinin rolu” mövzusunda konfrans keçirilib

Milli Məclisdə “Siyasi dialoqun Azərbaycan modeli: qanunvericilik hakimiyyətinin rolu” mövzusunda konfrans keçirilib

Siyasət 10-mar, 19:48 593
Martın 10-da Milli Məclisdə “Siyasi dialoqun Azərbaycan modeli: qanunvericilik hakimiyyətinin rolu” mövzusunda konfrans keçirilib.

"Operativ24.az" xəbər verir ki, videokonfrans formatında keçirilən tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri və nümayəndələri, Milli Məclisin 80-dək deputatı iştirak ediblər.

Konfransı giriş sözü ilə açan spiker Sahibə Qafarova bildirib ki, ölkəmizdə siyasi islahatların çox mühüm istiqamətlərindən birini siyasi dialoq mühitinin daha da dərinləşdirilməsi təşkil edir. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar siyasi sistemimizdə keyfiyyətcə yeni, konstruktiv dialoq və əməkdaşlıq mərhələsinin başlanmasını şərtləndirib. Milli həmrəyliyə və sağlam siyasi münasibətlərə xidmət edən bu dialoq Azərbaycanda demokratiyanın inkişafında, siyasi, iqtisadi azadlıqların qorunmasında, ölkəmizin güclənməsində mühüm rola malikdir. Həmçinin siyasi sistemin vacib komponentləri olan siyasi partiyalar arasında yeni sağlam münasibətlər formalaşıb. 
Milli Məclisin sədri xatırladıb ki, tariximizin ən parlaq səhifələrindən birini təşkil edən Vətən müharibəsi dövründə vahid mövqe nümayiş etdirən 50 siyasi partiya Prezident İlham Əliyevi dəstəklədiyini bəyan edərək Azərbaycanın siyasi sisteminin milli məsələlərdə həmrəy olduğunu hər kəsə göstərib. Prezident İlham Əliyev də martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayındakı nitqində ölkəmizdə aparılan siyasi dialoqu təqdir edərək, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyətini qeyd edib.

Çıxışında Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul olunan qərarlara da toxunan spiker Sahibə Qafarova vurğulayıb ki, qurultay istər müasir mərhələdə YAP-ın yeni yol xəritəsinin, yeni çağırışların, vəzifələrin müəyyənləşdirilməsi, partiya fəaliyyətinin ölkəmizdə həyata keçirilən islahatlara uyğunlaşdırılması, istərsə də ümumilikdə siyasi sistemimizin gələcək inkişafı baxımından çox böyük əhəmiyyətə malik olmuşdur. Qurultayda Prezident İlham Əliyevin geniş və dərin məzmunlu nitqində irəli sürülən vəzifələrin yerinə yetirilməsi YAP-ın keyfiyyətcə yeni mərhələyə daxil olmasını və daha da inkişaf etməsini təmin edəcəkdir. Qurultayda kadr və struktur dəyişiklikləri ilə bağlı qəbul olunan qərarlar, Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini təyin edilməsi Yeni Azərbaycan Partiyasının yüzminlərlə üzvləri tərəfindən yüksək qiymətləndirilib. 
Milli Məclisin sədri qeyd edib ki, parlamentin qarşısında duran mühüm vəzifələrdən biri də Azərbaycanda siyasi dialoqun, siyasi islahatların dərinləşməsinə və uğurlu nəticələrlə müşayiət olunmasına dəstək və töhfə verməkdən ibarətdir. Ötən bir ildə Milli Məclis Azərbaycanda yeni siyasi konfiqurasiyanın formalaşması üçün görülən işlərin parlament səviyyəsində dəstəklənməsi istiqamətində lazımi addımlar atıb. Ölkəmizdə siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün altıncı çağırış Milli Məclisin və onun komitələrinin rəhbərliyində müxalif partiyaların nümayəndələri də təmsil olunub, ölkənin siyasi sisteminin təkmilləşdirilməsi işində Milli Məclis daha fəal rol oynamağa başlayıb. Milli Məclisdə 9 siyasi partiyanın nümayəndələri mandat qazanıblar. Ötən ilin sonlarında daha iki partiyanın dövlət qeydiyyatına alınması ilə bu say 11-ə yüksəlib. Bu qədər partiyanın parlamentdə təmsil olunması və müxalif partiyalardan olan deputatların parlamentdə mühüm vəzifələrə seçilməsi Azərbaycanın demokratik inkişafı baxımından böyük önəm kəsb edir. Milli Məclis əsas siyasi qüvvələrin, cərəyanların və fikirlərin bütün spektrini tam əks etdirməklə siyasi dialoq, milli və dövlətçilik məsələləri ətrafında əməkdaşlıq mühitinin möhkəmlənməsinə, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulmasına töhfə verir.
Daha sonra ötən bir ildə Milli Məclisin fəaliyyəti haqqında geniş məlumat verən Sahibə Qafarova qeyd edib ki, qlobal pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, Milli Məclis öz işini məhsuldar həyata keçirməyə çalışıb. Bu dövrdə altıncı çağırış Milli Məclisin ikisi növbədənkənar olmaqla dörd sessiyası başa çatıb, hazırda isə beşinci sessiya davam edir. Bu müddətdə Milli Məclis tərəfindən 38 qanun, 167 Azərbaycan Respublikası qanunlarına dəyişiklik, 51 qərar qəbul edilib. Bu dövrdə Milli Məclisin 44, onun komitələrinin isə 282 iclası keçirilib. Milli Məclisin ötənilki fəaliyyətinin mühüm bir dövrü Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə xalqımızın apardığı Vətən Müharibəsi ilə eyni vaxta təsadüf edib və bu dövrdə Azərbaycanın parlament diplomatiyasının bütün imkanları tam haqlı olaraq, Vətən müharibəsi ilə bağlı gerçəkliklər haqqında dünya ictimaiyyətini məlumatlandırmağa, əsl həqiqətlərin beynəlxalq auditoriyaya çatdırılmasına səfərbər olunub.
Sonra çıxış edən Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar barədə məlumat verərək, 2020-ci ilin əvvəllərindən etibarən siyasi islahatların yeni mərhələyə qədəm qoyduğunu, sağlam rəqabətə söykənən siyasi dialoqun formalaşdığını, siyasi partiyalarla fərdi, eləcə də birgə görüşlər təşkil edildiyini, 9 illik fasilədən sonra 7 siyasi partiyanın dövlət qeydiyyatına alındığını, qərargahı olmayan siyasi partiyalar üçün müvafiq yerlər ayrıldığını, habelə aidiyyəti istiqamətdə görülmüş işlər nəticəsində 25 siyasi partiyanın qurultay keçirdiyini diqqətə çatdırıb. 
Ədalət Vəliyev Prezident İlham Əliyevin apardığı siyasi islahatlar nəticəsində ölkədə sağlam iqtidar-müxalifət münasibətlərinin qurulmasından danışaraq, bu münasibətlərdə dövlətçilik maraqlarının bütün digər maraqlardan üstün tutulduğunu, sağlam tənqid və qarşılıqlı hörmətlə xarakterizə olunan sivil formaya keçidin önə çəkildiyini, hörmət əsaslı siyasi rəqabət və qarşılıqlı dinləmə üzərində yeni siyasi mədəniyyət formalaşdığını, təkcə iqtidarla müxalifət arasında deyil, müxalifət partiyaları arasında da qarşılıqlı anlaşma və sivil rəqabət mühiti, sağlam əməkdaşlığın meydana gəldiyini bildirib. O, həmçinin Azərbaycan siyasi mühitində iqtidar-müxalifət dialoqunun aparılması, partiyalararası ikitərəfli və çoxtərəfli danışıqların və müzakirələrin baş tutması, əməkdaşlığın qurulması üçün üçüncü tərəfin – hansısa xarici dairələrin vasitəçilik etməsinə ehtiyac olmadığının isbat olunduğunu, siyasi dialoqdan boyun qaçıran bəzi siyasi qüvvələrin siyasi mübarizə adı altında əslində hansı dairələrin çirkin maraqlarına xidmət etməsinin özünü daha aydın şəkildə büruzə verdiyini, ölkədə uzun illərdən sonra ilk dəfə olaraq siyasi qüvvələrin mütləq əksəriyyəti arasında milli vəhdət və həmrəylik yarandığını qeyd edib. Şöbə müdiri Vətən müharibəsi dövründə ölkədəki, demək olar ki, bütün siyasi partiyaların Ali Baş Komandanın həyata keçirdiyi siyasəti dəstəkləyən və milli birliyə səsləyən birgə bəyanatlarının, habelə beynəlxalq qurumlara birgə müraciətlərinin mütərəqqi önəmini xatırladıb.
Şöbə müdiri, həmçinin ölkənin siyasi mühitinin təkmil təməllər üzərində qurulması istiqamətində aparılan islahatlar çərçivəsində Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul olunmuş qərarlar nəticəsində iqtidar partiyasının fəaliyyətinin optimallaşdırıldığını, qurultayda 6 siyasi partiyanın YAP-a qoşulmasının ölkəmizdə siyasi dialoq mühitinin daha da dərinləşməsinin göstəricisi olduğunu deyib.
VI çağırış Milli Məclisin ilk iclasında cənab Prezidentin deputatlar qarşısında duran vəzifələrə dair tövsiyələrinin əhəmiyyətini vurğulayan şöbə müdiri dövlətçiliyin möhkəmləndirilməsi üçün Milli Məclisdə yeni demokratik mühit formalaşdığını, müxalifət nümayəndələrinin qanunverici orqanın rəhbərliyində təmsil olunduğunu, deputat fəallığının artmasının vətəndaş məmnunluğunu yüksəltdiyini bildirib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin çoxəsrlik tarixinin ən şərəfli mərhələsini yaşadığını qeyd edən Ədalət Vəliyev indiki dövrdə mövqeyindən və statusundan asılı olmayaraq hər bir fərdin – bütünlükdə Azərbaycan cəmiyyətinin vəzifəsinin bu tarixi Qələbəni möhkəmləndirmək, şəhid ailələri və müharibə iştirakçılarının qayğısına qalmaq, düşmən tapdağından azad olunmuş ərazilərimizi bərpa edərək dirçəltmək, erməni təcavüzkarlığının yenidən baş qaldırmaması və təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün haqq işimizlə bağlı beynəlxalq müstəvidə geniş məlumatlandırma işi aparmaq olduğunu vurğulayıb.
Sonra müzakirələrə başlanılıb. 
Müzakirələrdə çıxış edən Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, Ana Vətən Partiyasının sədri, Milli Məclisin İntizam Komissiyasının sədr müavini Fəzail Ağamalı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev, Vəhdət Partiyasının sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini Elşən Musayev, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Asim Mollazadə, Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev, Respublikaçı Alternativ Partiyasının üzvü, Milli Məclisin deputatı Erkin Qədirli, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri Eldar Quliyev, Milli Məclisin deputatı, bitərəf Vüqar Bayramov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini, bitərəf Sahib Alıyev qeyd ediblər ki, son dövrlərdə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi islahatların dərinləşməsi, siyasi dialoqun gücləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər uğurlu nəticələr verir. Çıxışlarda bildirilib ki, Azərbaycanda ciddi və möhkəm əsaslara malik olan siyasi dialoq mühiti mövcuddur və bu da yeni siyasi konfiqurasiyada ölkəmizdə siyasi institutların fəaliyyətinə geniş imkanlar yaradır. Qeyd olunub ki, ümummilli məsələlərdə həmrəylik, yüksək siyasi davranış mədəniyyətinin mövcud olması Azərbaycanda bütövlükdə siyasi sistemin, demokratik prinsiplərin daha da inkişaf etməsinə töhfə verir. Həmçinin Azərbaycanda siyasi dialoq mühitinin dərinləşdirilməsi, siyasi islahatların daha da genişləndirilməsi ilə bağlı müxtəlif təkliflər səsləndirilib.


Oxşar xəbərlər
z