Azərbaycana Avropadan “Lacaune”, “Landschaft Merino”, “İle de France” və “Suffolk” cins damazlıq qoyunları gətirilib

Azərbaycana Avropadan “Lacaune”, “Landschaft Merino”, “İle de France” və “Suffolk” cins damazlıq qoyunları gətirilib

Sosial 22-fev, 14:27 993
Bu günlərdə Azərbaycana Avropadan “Lacaune”, “Landschaft Merino”, “İle de France” və “Suffolk” cinsli ətlik, südlük-ətlik istiqamətli qoyunları gətirilib. "Operativ24.az" xəbər verir ki, ümumi sayı 1000 başdan artıq olan damazlıq heyvanlar “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Ağsu rayonunda yerləşən heyvandarlıq müəssisəsində yerli iqlim şəraitinə uyğunlaşma prosesi keçir.

Damazlıq qoyun cinsləri ətlik, südlük-ətlik və südlük istiqamətli məhsuldarlıqlarına və keyfiyyətlərinə görə seçilirlər. Bu cinslər yerli iqlim şəraitinə sürətlə uyğunlaşdığından fermerlər öz təsərrüfatlarında yerli qoyunlarla yanaşı, xarici cins qoyunlar yetişdirməyə də maraq göstərirlər. 
“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin baş mütəxəssisi Elşən Cabbarov bildirib ki, hazırda təsərrüfatda Avropadan gətirilmiş 4 fərqli qoyun cinsləri saxlanır: “Bu qoyunlar Avropada da qapalı (intensiv saxlanma) şəraitdə saxlanılır. Qapalı şəraitdə saxlandığına görə bu heyvanlarda formalaşan bəzi xüsusiyyətlər bizim yerli heyvanların xüsusiyyətlərindən fərqlənir. Birincisi, bu növlər cinsi yetişkənlik dövrünə tez çatırlar ki, bu da fermer təsərrüfatları üçün çox gəlirli və səmərəli hesab edilir. İkincisi, bu qoyunlar intensiv şəraitdə yetişdirildikləri üçün balavermə müddəti mövsümdən asılı deyil. Belə ki, əkiz və yaxud üçəm quzuların alınmışı  və onların ətlik məqsədilə yetişdirilməsi onların digər növlərdən əsas fərqləndirən xüsusiyyətləridir. Ən nəhayət bu heyvanların düzgün yemləndirilməsi və bəslənməsi nəticəsində sürü daxilində əkiz bala vermə göstəricisi 85 faizdən yuxarıdır. Bu göstərici təsərrüfatın damazlıq sürü kimi daha sürətli formalaşmasına və quzu əti istehsalının artmasına gətirib çıxarır”.
Elşən Cabbarov xaricdən gətirilmiş cins damazlıq qoyunların yemlənmə qaydaları barədə də danışıb: “Əslində həm yerli, həm xarici qoyunlar ehtiyacları olduqları qədər yeyirlər. Rasion baxımından hər bir qoyun öz çəkisinin 3 faizi həcmində yem yeyir. Bizim yerli qoyunlar yaylaq-qışlaqlarda örüş-otlaq sahələrində bəslənir. Xaricdən gətirilmiş heyvanlar isə qapalı şəraitdə yetişdirirldiyindən və qoyunların verdiyi quzu sayı çox olduğuna görə, səmərə baxımından yem xərclərini üstələyir. Eyni zamanda müalicə-profilaktika məqsədilə çəkilən baytarlıq xidmətləri xərci miniumlaşdırılır. Bu cinslərin 85 faizi əkiz bala verməsi 24 ayda, yəni iki ildə 6 quzu, başqa sözlə, ilə orta hesabla 3 bala deməkdir. Örüş-otlaq sahələrində yetişdirilən qoyunlarda bu cür yüksək məhsuldarlıq mövcud deyil. Yəni, nəzəri baxımdan üç baladan biri fermerin xərclərini ödəyir, digər ikisi isə qazanc sayılır”.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, ölkədə heyvandarlığın cins damazlıq tərkibinin yaxşılaşdırılması məqsədilə xarici ölkələrdən yerli şəraitə tez adaptasiya olunan, ətlik, südlük-ətlik və südlük məhsuldarlığı və keyfiyyətləri yüksək olan damazlıq heyvanlar gətirilir: “Fermerlər dövlət dəstəyi mexanizmindən yararlanaraq öz təsərrüfatları üçün bu heyvanlardan ala bilərlər. Mövcud qaydalara əsasən, xarici ölkələrdən gətirilmiş damazlıq heyvanlar fermerlərə 60 faiz dövlət güzəşti ilə satılır. Fermer 25 faiz ilkin ödəniş etməklə damazlıq heyvan alır, qiymətin 60 faizini dövlət ödəyir, qalan 15 faizi isə 3 il müddətinə kreditləşdirilir. Bu cür dövlət dəstəyi mexanizminin mövcud olması fermerlərimizin xaricdən gətirilmiş damazlıq heyvanlara marağını artırır. Ötən illər ərzində xaricdən gətirilmiş damazlıq cinslərdən ibarət heyvandarlıq təsərrüfatların sayının artması bununla bağlıdır”.

Oxşar xəbərlər
z